Türkiyədən Azərbaycanı hədəfə alanlar kimlərdir? — Nagihan Alçının bitməyən “erməni sevgisi”...

TƏHLİL 25 may 2023, 13:12
Türkiyədə seçki mübarizəsi qızışdığı bir vaxtda prosesi maraqla izləyən Azərbaycana qarşı da ittihamlar irəli sürülür. Bu ittihamların mənbəyi “altılı masa” ətrafında birləşən müxalifətdir, xüsusilə media üzərindən Azərbaycanın Türkiyədəki seçkilərə qarışdığına dair iddialar irəli sürülür.

Bu iddiaların iki tərəfi var, bir medalyonun iki üzü olduğu kimi...

Bir tərəfi Türkiyə müxalifətində Ərdoğanın Azərbaycan xalqı tərəfindən sevilməsinə görə yaşanan kompleksdir. Türkiyə Prezidentinə Azərbaycanda xoş münasibətlətin səbəbləri haqda çox danışa, yaza bilərik, lakin təkcə 44 günlük Vətən müharibəsində sərgilədiyi mövqe bunun üçün yetərlidir. 
Eyni müharibədə hazırki müxalifət cəbhəsindən Ermənistanın maraqlarının müdafiəsi məqsədinə Azərbaycana qarşı irəli sürülən ittihamları da xalq olaraq unutmamışıq.

Burada həm də I turda məğlub olan və II turda məğlub olacağı qaçılmaz görünən müxalifətin öz məğlubiyyətinə haqq qazandırmaq çırpınışları da aydın görünür. Misal üçün, əvvəl Rusiyanı ittiham edirdilər, indi də Azərbaycanı...

Medalyonun digər və əsas üzü isə daha dərinlərə, erməni lobbisinə, erməni sevgisinə və beynəlxalq səviyyədə mafiya kimi şəbəkələşmiş anti-Azərbaycan dairələrinə qədər gedib çıxır. Burada SOROS fondunun da izləri aydın görünür...

Bunu jurnalist Nagihan Alçının timsalında daha aydın görə bilərik. Erməni sevgisi ilə məşhur olan Nagihan Alçı I turda 5 faiz səs toplayan və seçkinin II tura qalmasını təmin edən Sinan Oğanı Ərdoğanı dəstəklədiyinə görə ittiham edir və onun dəstəyinin “İlham Əliyevin planı” olduğunu iddia edir. Bu iddia artıq CHP-yə yaxın media tərəfindən günlərdir gündəmə gətirilməkdədir. 

Belə iddialar Türkiyədə Azərbaycan əleyhinə fikirlərin formalaşması, Türkiyə-Azərbaycan qardaşlığının zədələnməsi məqsədinə xidmət edir. Burada ən çox maraqlı olan da Ermənistan, erməni diasporu və lobbisi, eləcə də anti-Azərbaycan dairələrdir. Nagihan Alçı da bu qarayaxma kampaniyasında lokomotiv rolunu üzərinə götürənlərdən biridir. İzlərin ermənilərə qədər gedib çıxdığını anlamaq üçün Nagihan Alçının kimliyinə, fəaliyyətinə diqqət etmək lazımdır.



“Biz Türkiye’de yanlış yapmışız. Şimdi anlıyorum ki, Dağlık Karabağ yüzde yüz ermeni toprağıdır ve siz bu toprakları vermemek için yeteri kadar kararlısınız”.

Anadolu türkcəsində təqdim etdiyimiz bu ifadələr Nagihan Alçıya məxsusdur. Türkiyəli jurnalist işğal dövründə Qarabağa qanunsuz səfər edərək, orada erməni separatçıları ilə görüşməsi və onları “dövlət” kimi təqdim etməsi ilə məşhurdur. Bu səfəri təşkil edən, ümumiyyətlə Nagihan Alçıya “erməni sevgisini” aşılayan Aris Nalçıdır. A.Nalçı “Agos”, “Taraf” kimi qəzetlərdə illərlə ermənilərin maraqlarına xidmət edən yazılar yazıb, hazırda da eyni mövqedədir. SOROS-a bağlı bu şəbəkədə Nagihan Alçıda yer alır və o, Türkiyə dövlətinə “qatil dövlət” dediyi kimi, Azərbaycan torpaqlarğındakı erməni işğalına da haqq qazandırır, həmçinin, qondarma “erməni soyqırımı”nı təbliğ edir.

Türkiyədə milli xətti – Ərdoğanı devirmək, Türkiyə-Azərbaycan qardaşlığını zədələmək, ümumilikdə türk dünyasındakı birliyi hədəfə alan qüvvələr indi də Nagihan Alçı kimi maşaları dövriyyəyə salıb.


Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top