Partiya sədri: "Vardanyanın Ordumuz tərəfindən zərərsizləşdirilməsinin vaxtı çatıb"

GÜNDƏM 24 may 2023, 15:27
"Vardanyan bəlli bir güclərin Qarabağdakı təmsilçisidir və həmin güclər qarşısında cavabdeh kimi görsənməməsi üçün nə Ermənistanın, nə Rusiyanın vətəndaşı deyil. Çünki hər hansı bir ölkənin vətəndaşı olsa, Azərbaycan həmin ölkədən vətəndaşına sahib çıxmağı və onun barəsində hansısa hüquqi addımların atılmasını tələb edə bilər. Ona görə də Vardanyanın heç bir ölkədə vətəndaşlığı yoxdur və uydurma rejimdən guya "vətəndaşlıq" alıb. Hansı ki, onu dünyada heç kim tanımır. O baxımdan bu güclərin oradakı təmsilçisi halında çıxış edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın rəhbəri Tural Abbaslı deyib. 

Partiya sədri bildirib ki, Vardanyan Xankəndidə əhalini terrora çağırmaq və yaxud xalqı sona qədər döyüşməyə səsləməklə, həm oradakı qüvvələrin tapşırığını icra edir, həm də guya orada insanların içində ruh yüksəkliyinin qalması, qisasçılıq ruhun artırılması kimi məqsədlərə xidmət edir:

"Bizim Vardanyana münasibətimiz Türkiyənin PKK-ya olan münasibəti ilə eyni olmalıdır. Bu gün Türkiyə PKK terror təşkilatının mağaralarda gizlənən rəhbərlərini dəqiq zərbələrlə məhv edir və dünyada heç bir ölkə bu məsələyə qarşı etiraz bildirmir. Bütün dünya ölkələri terrorçulara qarşı belə davranırlar. Terrorçuların nazıyla oynamırlar. Bizim də hüququmuz və hərbi sistemimiz var. 

Düşünürəm ki, Vardanyanın artıq Ordumuz tərəfindən dəqiq zərbələrlə zərərsizləşdirilməsinin və Azərbaycan vətəndaşlarına və əsgərlərinə qarşı yarada biləcəyi təhlükə və təhdidləri aradan qaldırılma vaxtı gəlib çatıb. Dünyanın heç bir ölkəsi buna görə bizə heç bir irad bildirə bilməz. Kim irad bildirsə, onlara demək lazımdır ki, sizin ölkəyə qarşı açıq terror çağırışı edənlərə, sizin ölkənin konstitusiyasını heçə sayanlara, sizin ölkəni parçalamağa çalışanlara münasibətiniz necə olardı? 

Düşünürəm ki, sadəcə Azərbaycan lazımi məqamda qətiyyətli addımları atmağı bacarmalıdır. İndi o məqamlardan biridir".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top