Azərbaycan gənclərində siyasi sahəyə maraq yüksək səviyyədədir — TƏHLİL

SİYASƏT 20 may 2023, 18:15
İnsanların mədəniyyət səviyyəsinin, sosial və siyasi fəallığının artırılması hazırda istənilən cəmiyyət üçün prioritet məsələlərdən biridir. Bildiyimiz kimi, mədəni, sosial, siyasi aktivlik bilavasitə cəmiyyətin inkişafına yol açır. Həmçinin, yeni ideyaların ortaya çıxması ilə nəticələnir, cəmiyyətin formalaşmasına təkan verir. Paralel olaraq maarifləndirmə işlərinin aparılması, vətəndaşların hüquq və azadlıqlarını bilməsi, qanunvericilik bazasının formalaşması və beynəlxalq normalara əməl olunması əsas şərtdir.



Məsələyə münasibət bildirən politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə Azərbaycan gəncliyi siyasi proseslərdə aktiv şəkildə iştirak etməkdədir:

"İlk baxışdan elə görünə bilər ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri ilə müqayisədə Azərbaycan gəncliyi siyasi proseslərə çox da maraqlı deyil və siyasi proseslərdə aktiv iştirak etmir. Amma ümumən götürdükdə Azərbaycan gəncliyi gedən siyasi proseslərə laqeyd deyil. Müəyyən qədər də siyasi proseslərdə iştirak edir və ölkə üçün lazım olan məqamlarda da öz mövqeyini nümayiş etdirir. Təbii ki, biz bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük. O zaman Azərbaycan gənclərinin necə vətənpərvər ruhda yetişdiklərinin şahidi olduq. Onların cəbhədə göstərdikləri igidliyə və cəsarətə şahid olduq. Bu, hər zaman belə olacaq. Mümkündür ki, belə görünsün ki, Azərbaycan  gəncliyi siyasi partiyalarda, siyasi proseslərdə aktiv iştirak etmir".



Analitik qeyd edib ki, bu gün Azərbaycan gəncliyi  təhsil üçün daha çox fədakarlıq etməkdədir:

"Bu gün gənclərimiz məhz özünü yetişdirməklə məşğuldur. Son illər dövlət qurumlarının bir çoxunda gənclərin təmsilçiliyi onu göstərir ki, əslində bir formada siyasi proseslərdə iştirak edirlər və bunun da nəticəsi olaraq dövlət vəzifələrində təmsil olunurlar. Sirr deyil ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır".

Politoloq Məhəmməd Əsədullazadə isə Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ictimai-siyasi sferada gənclərin aktiv olması demək olar ki, son illərdə bir qədər zəifdir:

"Amma biz əvvəlki illərə nəzər saldıqda Azərbaycan gəncliyi ictimai sektorda çox çevikdir. Azərbaycan gəncliyində siyasətə maraq çox güclü olmasa da, vətənpərvərlik yüksək səviyyədə olub və İkinci Qarabağ müharibəsində də biz bunun şahidi olduq. İlk növbədə ictimai-siyasi sferada gənclərin aktiv olmasını  bir neçə il bundan əvvəl müşahidə etmişik. Belə ki, gənclərimiz Qərbin üzvləri ilə əməkdaşlıq edərək Azərbaycanda  inqilaba meyilli idilər. Bu da əlbəttə ki, ölkənin təhlükəsizliyi üçün təhdid idi. Bir qrup gənclik də İranın "5-ci kolon"un dini fəaliyyəti ilə maarifləndirilmiş və ölkəmizin təhlükəsizliyi üçün təhdid hesab olunurdu. Hesab edirəm ki, qeyri-hökumət təşkilatları, həmçinin siyasi partiyalar, dövlət də gənclərin siyasi maarifləndirilməsinə təşviq etməli, onları partiya sisteminə cəlb olunmasını şərait yaratmalıdır".
Ekspertin sözlərinə görə, gənclərimiz Qərbin, İranın və Rusiyanın mərkəzləri ilə əməkdaşlıq edib ölkəmizi təhdid etməməlidir:

"Amma təəssüf ki, biz bu tendensiyanın bir neçə illik şahidi oluruq. Ölkəmizdə müəyyən bir gənclik var ki, vətənpərvər siyasi aktivistdir və siyasi partiyalarda da yer alır, amma bu çox azdır. Az da olsa bunlar Azərbaycanın düşünən beynidir və aktiv fəaliyyət də göstərirlər. Azərbaycan hakimiyyəti ümumiyyətlə gənclər siyasətində daha da çağırış aparmalıdır. Qeyd etdiyim ki, qeyri-hökumət təşkilatları da aktiv fəaliyyətdə geniş imkanlar açılmalıdır. İndi tamamilə durğunluq da olmasa müəyyən durğunluqlar müşahidə olunmaqdadır".



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Aynurə Pənahqızı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top