Ceyhun Bayramov: "Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı problem Böyük Britaniyada da var"

GÜNDƏM 18 may 2023, 23:32
Avropa Şurasına üzv ölkələrin İslandiya paytaxtı Reykavikdə keçirilən demokratiya sammiti işinə yekun vurdu.

Sammitdə çıxış edən Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç üzv ölkələrdə demokratiyanın gerilədiyini bildirdi.

O, AŞ üzvlərinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə çağırdı.

Qeyd edək ki, bu məsələdə Azərbaycan da tənqid olunan dövlətlər arasındadır.

Sammitdə Azərbaycanı təmsil edən Xarici İşlər Naziri Ceyhun Bayramov Gununsesi.info-nun “Bu sammitdən sonra Azərbaycanda hər hansı dəyişikliklər gözlənilirmi” sualına belə cavab verib:

“Ümumilikdə Azərbaycan hökumətinin Avropa İnsan Hüquqlarının Məhkəməsi ilə əməkdaşlığını konkret olaraq bu sammitə bağlamazdım. Avropa Məhkəməsinin qərarları ilə bağlı müzakirə daha geniş bir gündəlik tələb edir. Qeyd etmək istəyirəm ki, ölkəmiz və ölkəmizin müvafiq qurumları kifayət qədər sıx şəkildə Avropa İnsan Hüquqları Məhkəməsi ilə işləyirlər.

Eyni zamanda düşünürəm ki, bu problem təkcə bizdə deyil. Avropa İnsan Hüquqları məhkəməsində qəbul edilmiş qərarların hər birinin yüz faiz icrası demək olar ki elə bir Avropa ölkəsi yoxdur ki, orada tam icra olunsun.

Avropa İnsan Hüquqları Məhkəməsinin çıxartdıqları qərarlar ilə bağlı belə demək olarsa, oturuşmuş böyük qərb demokratiyalarında da kifayət qədər ciddi problemlər var. Son zamanlar Böyük Britaniya Avropa İnsan Hüquqları Məhkəməsinin çıxartdığı qərarlarla bağlı bir sıra narazılıqlar var. Demək istədiyim odur ki bu bir prosesdir.
Təbii ki, burda hansısa bir problemlər varsa, onların mahiyyətini başa düşmək lazımdır.

Təbii ki, çalışmaq lazımdır ki bunlar aradan götürülsün. Azərbaycan dövləti də bu istiqamətdə addımlar atır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top