“Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda konfrans keçirilib — FOTOLAR

SOSİAL 12 may 2023, 18:05

Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq Naxçıvan MR Vəkillər Kollegiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov konfransa onlayn qoşularaq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Qeyd edilib ki, ölkəmizdə vəkilliyin müstəqil təsisat kimi formalaşması, dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tarixin dahi şəxsiyyətlərindən biri kimi daim qadınların hüquqlarının qorunması, onların ictimai həyatda iştirakı, idarəçilikdə ön plana çəkilməsi və digər məsələləri daim diqqətdə saxlayıb. Görkəmli dövlət xadimi qadınları idarəetmə, qərar qəbuletmə, sosial həyatın bütün sahələrində iştirak etməsinə çox böyük əhəmiyyət verib. Dahi şəxsiyyət qadın problemlərinin dövlət səviyyəsində həlli üçün müvafiq fərman və sərəncamlar imzalayıb, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ulu Öndərin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I Qurultayı, 2003-cü ildə isə II Qurultayı keçirilib.

Bildirilib ki, Ümummilli Liderimiz tərəfindən əsası qoyulan dövlət qadın siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə başçısının, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəklərə qalxıb.

Vurğulanıb ki, bu gün Azərbaycanda elə fəaliyyət sahəsi yoxdur ki orada qadınlar təmsil olunmasın. Qadınlar qanunverici, icra, məhkəmə, vəkillik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyırlar. Vəkillər Kollegiyası üzvlərinin bir hissəsini qadınlar təşkil edir. Kollegiyanın Rəyasət Heyətinin müvafiq qərarı ilə qadın vəkillərin şəbəkələnməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən onların fəaliyyətlərində qarşılaşdığı çətinliklə mübarizə məqsədilə Qadın Vəkillər Alyansı yaradılıb. Bu da dövlət tərəfindən qadın vəkillərə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Həmçinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən qadın vəkillərin “Tərəqqi” medalı ilə təltif edilməsi, yubileylərinin keçirilməsi yüksək diqqətin göstəricisidir.

Anar Bağırov onu da bildirib ki, vəkillik institutu daim inkişaf edir, qadın vəkillərin cəmiyyətdə rolunun artırılması, vəkillikdə gender balansının təmin edilməsi, Naxçıvanda vəkillik fəaliyyətinin güclənməsi kollegiyanın əsas prioritet məsələlərindəndir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri vəzifələrini müvəqqəti icra edən Vüsal Həsənov, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Qadın Vəkillər Alyansının üzvü, mediatr Leyla Məmmədova, Bakı şəhər 2 saylı Vəkil Bürosunun müdiri Rəna Məmmədova, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Mərkəz Vəkil bürosunun müdiri, Alyansın üzvü Gülşən Salmanova çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası məhz Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub.

Bildirilib ki, Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi ilə Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Azərbaycan hökuməti genderin təşviqi sahəsində bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. Bu gün hər bir Azərbaycan qadını öz fəaliyyətində Mehriban xanım Əliyevanın cəsarətli addımlarını, yorulmaz fəaliyyətini örnək sayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti yüksək ali idealara və yalnız milli maraqlarımıza söykənir.

Qeyd edilib ki, Naxçıvan qadınları da onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edir. Muxtar respublika əhalisinin 50,5 faizini qadınlar təşkil edir ki, onların da 31 min 803 nəfəri işləyir. Bu da işləyən əhalinin 31,80 faizini təşkil edir.

Çıxışlardan sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 



















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top