Politoloq: “ABŞ Ermənistana təsir edə bilsə, Sülh Sazişinin imzalanması prosesi sürətlənəcək”

SİYASƏT 11 may 2023, 09:01
“ABŞ vasitəsilə keçirilən görüşlər 4 gün davam etdi və yayılan məlumatlardan belə nəticə çıxarmaq olar ki, bu danışıqlarda müəyyən irəliləyişlər əldə olunub. Həm Amerika Birləşmiş Ştatlarının dövlət departamentinin nümayəndəsi, həm də Ermənistan təhlükəsizlik şurasının katibi bununla bağlı fikirlər səsləndirdilər. Əlbəttə ki, Amerika tərəfinin müəyyən nikbinlik dolu açıqlamaları o ümidi yaradır ki, prosesdə müəyyən irəliləmələr var. Amma Ermənistan tərəfinin davranışları və açıqlamalarına baxdıqda onu görürük ki, proses hələ də istənilən tempdə getmir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

Politoloq bildirib ki, Ermənistan yenə prosesdə müəyyən əngəllər yaratmağa çalışır:



“Eyni zamanda Qarabağdakı separatçılar ermənilərin məsələsini gündəmə gətirməyə çalışır ki, bu da proseslərə zərər verən amillərdəndir. Amma ümumi götürdükdə, ABŞ-dakı görüşlərdən sonra Azərbaycan və Ermənistan liderlərini Brüsseldə, Kişinyovda gözlənilən görüşləri, o cümlədən Xarici İşlər Nazirlərinin Moskva görüşləri onu deməyə əsas verir ki, prosesdə müəyyən fəallaşma görülməkdədir. 

Ümumilikdə biz onu görürük ki, ABŞ digər vasitəçilərdən prosesin irəli getməsində daha israrçıdır. ABŞ Ermənistana ciddi şəkildə təsir edə bilsə, o zaman Sülh Sazişinin imzalanması prosesi daha sürətli gedə bilər. Bunu isə qarşıdakı dövrlərdə görəcəyik”.


Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top