“Elektroenergetika haqqında” Qanuna hüquqşünas BAXIŞI — AÇIQLAMA

TƏHLİL 05 may 2023, 14:40
Ötən həftə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu 3-cü oxunuşda Milli Məclisdə qəbul edilmişdir. Bu Qanun Elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qanun bu sahədəki indiyə qədər olan boşluqları doldurmaqla vaxtında və zamanın tələblərinə uyğun qəbul olunmuş Qanun kimi dəyərləndirilməlidir.
Qanunun 2024-cu ilin yanvar ayından qüvvəyə minməsi nəzərdə tutulsa da Qanunun bəzi maddələri 2025-ci ilin iyul ayının 1-dən, digər maddələr də vardır ki, 2028-ci ilin iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

Qanunda maraqlı məqamlardan biri də bu sahələrə investisiyalar cəlb etməklə özəlləşdirilməsidir. 

Əvvəla gəlirlə işləyən operativ və yüksək peşə qabiliyyəti ilə işlək qurumların dövlətin əlində saxlanılması daha məqsədə uyğun deyilmi?

Azərbaycan Ordusu işğaldan azad etdiyi ərazilərdə daban-dabana onları izləyən və dərhal öz funksiyalarının icrasına başlayan “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti deyildimi?

Dövlət neft, qaz, işıq və yol kimi infrastrukturları məncə əlində saxlamalıdır. Bu sahələrin xalqa xidmət etdiyini nəzərə alsaq onda bu sahədə qiymət və məsuliyyət anlayışlarını da dövlətin tənzimlənməsi vacib amillərdən biridir. Belə strateji sahələrin dövlətin əlində olması həm vətəndaş üçün həm də dövlət üçün maraqlı olmalıdır. Əks təqdirdə investisiya cəlb etmək adı altında bu sahələri özəl xarici şirkətlərə satsaq təbii ki, investorlar mütləq qiymət artımına gedəcəklər ki, bu da indiki dönəmdə və hətda yaxın 5-7 il ərzində həm dövlət həm də vətəndaş üçün maraqlı görünmür.

Biz hələ də “Barmek” və “Bayva” kimi enerji sahəsində ilk özəl şirkətlərin is metodunun, saxtakarlıqlarının və fəaliyyətsizliklərinin vətəndaşlara yaşatdıqları acıları xatırlayırıq.

Hər şeyi mənfəət üzərində quran özəl şirkətləri isə vətəndaş məmnunluğundan daha çox mənfəət maraqlandıracaqdır. 

Milli Məclisdə müzakirələr zamanı energetika naziri hörmətli Pərviz Şahbazov qeyd edir ki, qiymətlərin  artımı hələ nəzərdə tutulmur. Deməli qiymət artımı nə vaxtsa mütləq olacaq.

Doğrudan da regionlarda işıq paylayıcı şəbəkələrin 30 faizində yenidənqurma işləri aparılmışdır. Görünən budur ki, bu sahəyə investisiya qoyulmasına ehtiyac vardır. Tam sağlaşdırma prosesi hələ başa çatmamış liberal bazar modelinə keçid reallaşarsa bu bir sıra problemlərin başlanmasına səbəb ola bilər ki, bunun da acısını əhali çəkə bilər.

Bu halda məsuliyyət məsələsi yaranacaqdır. Liberal bazar modelində elektrik enerjisinin paylanması və satılmasını müxtəlif özəl şirkətlər  həyata keçirdikdə bu mütləq istehlakçı  məmnunluğuna ciddi və mənfi təsir göstərə bilər.

Cənab Prezidentin əsas tələblərindən biri xidmət sahələrində vətəndaş məmnunluğunun yaradılmasıdır. Məncə enerji paylanmasını və satılmasını həyata keçirən strukturların fəaliyyətləri beynəlxalq standartların müəyyən etdiyi normalara çatdırıldıqdan , tam şəkildə bu sahələr sağlamlaşdırıldıqdan sonra liberal bazar modelinə keçid mərhələli şəkildə Pilot lahiyələrlə reallaşdırıla bilər.

Pilot lahiyə olmadan birbaşa liberal bazar modelinə keçid risklidir və nəticələri proqnozlaşdırılan problemlərlə üzləşə bilər. Bunlar hansılar ola bilər:

Bir qayda olaraq bu cür addımlar atılarkən dünya təcrübələrinə istinad edilir. Heç uzağa getmədən qonşu və dost Türkiyə Respublikasının təcrübəsinə nəzər salmaq kifayətdir. Türkiyə Respublikası bu sahədə özəlləşdirmə siyasətinə 2008-ci ildən başlamışdır. 3-5 il ərzində Türkiyə təcrübəsində problemlərin xronikası belə olmuşdur:

1. Sayğac sökmə quraşdırma xərcləri  4 il ərzində 197 faiz qalxmışdır.

2. Qoşulma haqqı 4 il ərzində 68 faiz qalxmışdır.

3. Elektrik kəsilmə və qoşulma xidmət haqqı 1 il ərzində 57.7 faiz artmışdır.

4. Sayğac oxuma və faktura göndərmə xidməti 1 il ərzində 157 faiz artmışdır.

5. Elektik istehsalı, topdan satışı və təhcizatına, rəqabət gətiriləcəyinə əsaslanaraq dövlətə aid aktivlər özəlləşdirmə adı ilə israf edilmişdir.


Özəl şirkətlər investisiya qoyuluşu üçün dövlət qarşısında tariflərin artırılmasını davamlı olaraq tələb edəcəklər. Xidmətlərin daha da təkmilləşdirilməsi üçün dövlət qarşısında müxtəlif arqumentlərlə çıxış edəcəklər ki, bu da xidmət haqlarının artmasına səbəb olacaqdır.

Elektrik enerjisində tarif artımı digər bütün tələbat mallarının ciddi qiymət artımına səbəb olacaqdır ki, bu da sosial narazılıq yarada bilər.

Beləliklə hesab edirəm ki , ən azı 5-7 ildən tez olmayaraq və mütləq Pilot Lahiyə çərçivəsində bu sahələrin liberal bazar modelinə qədəm qoymaq daha doğru və məqsədyönlü ola bilərdi.


Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, 
Hüquq üzrə fəlsəfə doktoru  


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top