"Bununla Putin Zelenskinin ofisini hədəf etməyi legetimləşdirmək istəyir" — Ukraynanın nazir müşaviri

GÜNDƏM 04 may 2023, 15:33
Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev ötən gün Ukraynaya məxsus olduğu deyilən hərbi dronlarla Kremlin binasına hücuma cəhd olunmaası barədə iddilara münasibət bildirib.

Azər Xudiyev Demokrat.az-a açıqlamasında deyib ki, sözügedən hadisə ilə bağlı artıq Ukrayna Prezident Zelenski mətbuat konfransı vasitəsilə aydınlıq gətirib:

"Cənab Zelenski bildirib ki, Ukraynanın bu hadisəyə heç bir bağlılığı yoxdur. Ümumiyyətlə, Ukrayna bu cür uzunmənzilli dronlara sahib deyil. Bu, hadisə Rusiyanın Ukraynaya qarşı növbəti təxribat cəhdidir". 

Nazir müşaviri qeyd edib ki, Rusiyanın bu cür təxribat xarakterli addımlar atması ilk hal deyil:

"Rusiyanın bu cür təxribatlar törətməkdə kifayət qədər təcrübəsi var. Hələ ötən əsrin 90-cı illərinin sonlarında Çeçenistana hərbi müdaxilə etmək üçün və əhalinin dəstəyini almaq üçün Rusiya hakimiyyəti öz şəhərlərində bir neçə yaşayış binasını partladaraq, çeçen xalqını "terrorçu" adlandırmışdı və nəticədə Çeçenistana qarşı müharibə başlatmışdı. İndi də aydın görünür ki, Rusiya hakimiyyəti Ukraynanın əks-hücumundan ciddi qorxuya düşüblər. Ona görə də, bu cür özlərinə məxsus olan köhnə üsullarla təxribatlar törədərək, Rusiya əhalisini böyük mobilizasiyaya hazırlayır. Bununla Kreml hakimiyyəti Moskvanın mərkəzinin vurulmasından istifadə edərək, istifadəsi qadağan olunan taktiki raketlərdən istifadə etməyə çalışacaq. Bu cür addımlarla Putin öz aləmində Rusiya ordusuna zəmin hazırlayır və faktiki olaraq bu hadisəni də sırf öz təhlükəsizliyi ilə bağlayır. Yəni, güya Ukrayna ona qarşı sui-qəsdə cəhd edib və sair. Putin bununla paytaxt Kiyevdə Prezident Zelenskinin ofisini hədəf etməyi legetimləşdirmək istəyir". 

Azərbaycanlı diplomat bildirib ki, Putin və onun komandası bu cür gedişlərlə artıq müharibənin nə ilə nəticələnəcəyini və Rusiyanın dünyadan tam təcrid olunmağa yaxınlaşdığını yaxşı anlayır:

"Ona görə də Kreml hakimiyyəti bu cür çirkin təxribatlara əl atır".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top