Vahid Əhmədovun qaranlıq üzü…

TƏHLİL 20 apr 2023, 15:18
Milli Məclisin deputatı Vahid Əhmədov son müsahibəsində parlamenti, həmkarlarını, eləcə də iqtidarı tənqid etdi. Əslində buna tənqid yox, ittiham desək daha doğru olar, çünki səslənirdiyi fikirlər daha çox mülahizələrə əsaslanır. O ayrı məsələ ki, V.Əhmədov niyə qəfil belə mövqe sərgilədi? Bəlkə, yenə könlünə hansısa vəzifə düşüb, yaxud bağlı olduğu oliqarxiyanın sifarişini yerinə yetirir? Bunu proseslərin inkişafında daha aydın görəcəyik…

Amma Vahid Əhmədovun iddiaları hər şeydən öncə onun özü haqda gerçəkləri də gündəmə gətirir. Çünki bir deputat həmkarlarının bizneslə məşğul olduğunu iddia edərək, buna qarşı çıxdığını nümayiş etdirirsə, yaxud siyasi hakimiyyətin iqtisadi səhvlərindən danışırsa, öncə özü irəli sürdüyü iradlardan təmizlənmiş, mövqeyi bütöv, fəaliyyəti şəffaf olmalıdır. Axı burada danışan adam 90-cı illərdən günümüzə qədər düşərgə-düşərgə gəzən, Azərbaycan iqtisadiyyatına ciddi zərbələr vurmuş və həm də dediklərinin əksinə olaraq, böyük biznesə malik olan deputatdır. Bu reallıqlar fonunda onun belə danışması təbii olaraq “Vahid Əhmədov əslində kimdir?” sualına cavab axtarışını da zərurətə çevirir.

Vəzifə arxasınca düşərgə-düşərg gəzən adam…

Vahid Əhmədovun siyasi karyerasını bu sözlərlə izah etmək olar. 1990-cı illərdə Xalq Hərəkatının önündə gedən Vahid Əhmədov qəfil “mütəllibovçu” oldu və Ayaz Mütəllibovun komandasında vəzifə aldı. Mütəllibovun hakimiyyətdə olduğu dövrdə Vahid Əhmədov baş nazirin müavini vəzifəsini icra edib. 

AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirəndə Mütəllivobun dövründə işləmiş hər kəsi, hətta aşağı vəzifədə olanları belə kütləvi şəkildə dəyişdirdi. Nə sirr idisə, Vahid Əhmədov vəzifəsində saxlanıldı, hətta vəzifəsi “baş nazirin birinci müavini” postuna da yüksəldildi. 

Vahid Əhmədov əslində xidmətlərinin qarşılığını alırdı desək doğru olar. O, Mütəllivobun komandasında yer almasına baxmayaraq, AXC-Müsavat cütlüyü ilə də sıx əlaqələrə malik idi. Hətta Mütəllibovla AXC arasında təmasların qurulmasında da əsas iştirakçı olub. Məsələ ondadır ki, Vahid Əhmədovun bütün məqsədi vəzifədə qalmaq, özünü qorumaq olub. Onun düşərgə-düşərgə gəzməsi də bundan qaynaqlanırdı.

Vahid Əhmədovun keçmişi onun siyasi buqələmun olduğunu göstərir. Mütəllibovla işlədiyi vaxt həm də AXC ilə separat əlaqələrə malik olub, hakimiyyət dəyişəndə mükafat olaraq daha yüksək vəzifəyə təyinat aldı. 4 baş nazirlə - Rəhim Hüseynov, Pənah Hüseyn, Əli Məsimov və Surət Hüseynovla işlədi. O dövrü dərindən bilənlər Vahid Əhmədovun “siyasi buqəlamun” olduğunu, vəzifəsini qorumaq məqsədilə hər kəslə danışıqlara getdiyini bildirirlər. 

Nəhayət 1993-cü ildə o, vəzifəsindən azad olundu…

Lakin bu gü iqtisadi mühazirələr oxumağa çalışan Vahid Əhmədov baş nazirin müavini və birinci müavini olduğu dövrdə Azərbaycan iqtisadiyyatının üzləşdiyi problemlərin də baiskarlarından biridir. İqtisadi məsələlərə cavabdeh olan Vahid Əhmədovun dövründə nələr baş verdiyi tarixin səhifələrindən silinməyib.

İqtisadiyyatımız alt-üst edildi, fabriklər, müəssisələr dağıdıldı, dövlətin əmlakı çapıb-talandı. Sökülən avadanlıqlar və qurğular xarici ölkələrə çıxarılaraq, ucuz qiymətə satıldı. Bütün bu prosesin iştitakçısı və qazananlarından biri də məhz Vahid Əhmədov idi. 

Görünür, Vahid Əhmədov ya keçmişini unudub, ya da heç kimin o dövrü xatırlamadığını düşünür.

Əhmədovun transformasiyası…

AXC-Müsavat hakimiyyətinin başa çatmasından sonra Vahid Əhmədov uzun müddət siyasətdən kənarda qaldı. Nəhayət, 2005-ci ildə müxalifətin “Yeni siyasət” seçki blokundan parlament seçkilərinə qatıldı və “silahdaş”, “yoldaş” dediyi insanları bu dəfə mandata dəyişdi. Təəccüblü deyildi, çünki necə deyərlər, “qozbeli qəbir düzəldər”.

Məlumatlara görə, Vahid Əhmədovun siyasi meydanlara yenidən qayıdışının qaranlıq tərəfləri var. Belə ki, onun keçmiş MTN şefi Eldar Mahmudova birbaşa bağlı şəxs olduğu deyilir və əsas işi məhz şantaj olub. Mahmudov hədəf aldığı nazirlər, komitə rəhbərləri, icra başçıları, şirkətlər barəsində özünə yaxın media orqanlarında kompromatlar yayılır, Vahid Əhmədov bunu ictimai müzakirəyə çevirir, daha sonra keçmiş MTN şefi və bandası tərəfindən həmin şəxslərdən “haqq” tələb edilirdi. Bu proses ölkədə özəl sektora və sahibkarlığa ciddi zərbə vurdu. Bu gün özünü “təmiz” göstərməyə çalışan Vahid Əhmədov bu şantaj ssenarilərinin birbaşa iştirakçısı olub.

Lakin Vahid Əhmədovun oliqrxiya ilə əlaqələri Eldar Mahmudovla yekunlaşmır. Onun keçmiş müdafiə naziri Səfər Əbiyevlə də bağlantıları məlum məsələdir. Hətta Əbiyevlə Əhmədovun şərikli biznesi də var. Təsadüfi deyil ki, parlament kürsüsündən Əbiyevi ən çox müdafiə edən Əhmədov olub. Eyni zamanda, hər şeydən danışan, özünü etirazçı deputat kimi göstərən Vahid Əhmədovun əsgər ölümləri ilə bağlı məsələdə susması da bundan qaynaqlanır.

Cənab fakt yerindədir…

Vahid Əhmədov məmurların və deputatların bizneslə məşğul olmasını qınayır, bəs faktlar nə deyir?

Səfər Əbiyevin nazir olduğu dövrdə Müdafiə Nazirliyinin əksər tenderlərinin qalibi məhz Vahid Əhmdovun qardaşı və başqalarının adına yaratdığı şirkətlər olub. Bu tenderlər əsgərlərimizin geyimindən tutmuş yeməyinə qədər hər şeyi əhatə edirdi. Əbiyevin dövründə ordunun ərzaq və geyimlə təminatından ciddi problemlərin olduğu, maxinasiyaların baş verdiyi sirr deyil. Görünür, Vahid Əhmədov Azərbaycan əsgərinin üzərindən pul qazanan bir deputatdır.

Vahid Əhmədovun tender maxinasiyaları bununla da bitmir. Misal üçün, ötən il “Azərsu” ASC Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşıdırdı. Tenderin qalibi “Arko Təmir Tikinti Şirkəti” MMC olub. 05 Avqust 2022-ci il tarixində dərc edilən məlumata görə, “Azərsu” qalib şirkət ilə məbləği 5 milyon 115 min 51 manat olan müqavilə imzalayıb. “Azərsu” ASC-nin “Ramana qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması” ilə bağlı tenderinin qalibi də “Arko Təmir Tikinti Şirkəti” MMC-dir. 04 iyul 2022-ci il tarixində dərc edilmiş məlumata görə, “Azərsu” ASC “Arko Təmir Tikinti Şirkəti” MMC ilə məbləği 8 milyon 202 min 558 manat olan müqavilə imzalayıb.

İki tender üzrə “Arko Təmir Tikinti Şirkəti” MMC-nin “Azərsu”dan aldığı sifarişlərin cəmi məbləği 13 milyon 317 min 609 manatdır.

2011-ci ildə dövlət qeydiyyatına alınmış və 10 manat nizamnamə kapitalı olan “Arko Təmir Tikinti Şirkəti” MMC-nin qanuni təmsilçisi Əhmədov Rasim Qazməmməd oğludur, yəni deputat Vahid Əhmədovun qardaşı.

Eyni şirkət 2019-cu ildə də Mərdəkan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin qalibi olmuş və “Azərsu” ASC ilə məbləği 1 milyon 283 min manat olan müqavilə imzalamışdı.

Bütün bunlar Vahid Əhmədovun cibində daşıdığı mandatına görə olub. Vahid Əhmədov oğlu Zəfər Əhmədovu Qaradağ rayon prokuroru təyin etdirmək üçün də bu mandatından sui-istifadə edib.

İndi biz hansı Vahid Əhmədova inanaq, özünü təmiz göstərən deputata, yoxsa reallıqda mandatından sui-istifadə edərək, biznes quran, əsgərin “payokunu” yeyənəmi?! 

Cənab fakt, çılpaqlığı ilə ortadadır!


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top