Ömürlük məhkum kamera yoldaşını döyə-döyə öldürdü — Qobustan həbsxanasında dəhşətli QƏTL

KRİMİNAL 13 aprel 2023, 11:30
Penitensiar xidmətin Qobustan həbsxanasında kamera yoldaşını qətlə yetirməkdə ittiham olunan 1974-cü il təvəllüdlü Zahidikəhriz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baş tutan iclasda prokuror Valeh Ələkbərov ittiham aktını elan edib. 

İttihama görə, hadisə ötən ilin sentyabrın 2-də Qobustan Həbsxanasında baş verib. Zahidikəhriz Abbasov həbsxananın 4-cü korpusunun 410-cu kamerasında onunla bir yerdə qalan Oleq Abişevin ünvansız söyüşlər söyməsinə etiraz edib. 

Daha sonra Zahidikəhriz Abbasov etirazlarına məhəl qoymayan Oleq Abişevi əvvəlcə yumruq zərbələri ilə vurub. Sonra qaldıraraq yerə çırpıb. Bununla da Zahidikəhriz Oleqə müxtəlif dərcəli bədən xəsarətləri yetirib.

Yerdə qalxan Oleq stəkan götürərək Zahidikhrizin üstünə hücum çəkib. Bu zaman Zahidikəhriz Oleqin əlindən stəkanı alaraq onun baş nahiyyəsinə zərbələr vurub. 
Bu vaxt kameraya gələn həbsxana nəzarətçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb. 

Nəzarətçilər bibər qazından istifadə edərək onu Oleqdən ayırıblar. 

Oleq Müalicə müəssisəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Oleq sentyabrın 10-da müalicə müəssisəsində vəfat edib. 
İstintaq orqanı tərəfindən Zahidikəhriz Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

İttihama münasibət bildirən Zahidikəhriz Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: 

“Mən Oleqlə dava etmişəm. Niyyətim onu öldürmək olmayıb. Onu öldürmək niyyətim olsaydı, ona daha ağır zərbələr vurardım. Qəsdən adam öldürmə ittihamı mənə düzgün verilməyib. Qəsdən adam öldürmə ittihamı o zaman verdirilir ki, şəxs hadisə yerində ölür. Amma biz dava etmişik. Xəsarət alan Oleq xəstəxanaya yerləşdirilib. Orada bir neçə gün sonra vəfat edib. Mən ancaq özümü dava etməkdə təqsirli bilirəm”.

Zahidikəhriz Abbasov deyib ki, hadisə söyüş üstündə yaranıb: 

“Biz kamerada üç nəfər olmuşuq. Mən siqaret çəkən olmamışam. Amma Oleq və digər məhkum Səmədağa Hənifəyev siqaret çəkən olub. Həbsxana rəhbərliyi həmişə Oleqə hörmət edib və siqaret çəkdiyi üçün ona həmişə 1 qutu siqaret veriblər. Normalda hər gün məhkuma 10 ədəd siqaret verilir. Amma Oleqə həmişə hörmət edilir, ona 1 qutu verilib. Bir qutuda da siqaret 20 ədəd olub. Dava olan günü Oleqə siqaret verdilər, amma yandırmaq üçün kibrit vermədilər. Səmədağa ona siqareti yandırmaq üçün kibrit verdi. Sonra dedi ki, yatmağa gedir, oyananda yenə də siqateyini yandırmaq üçün ona kibrit verəcək. Yarım saat sonra Oleq siqaret çəkmək istədi. Amma yandıranı olmadı. Buna görə də ad çəkmədən ünvansız söyüşlər işlətdi. Mən buna etiraz etdim, söyüşləri kimə ünvanlaması ilə bağlı ad çəkməsini istəyib. Amma Oleq yenə də ad çəkmədən söyüşlər işlətməkdə davam etdi”.

Təqsirləndirilən şəxs deyib ki, Oleqin söyüş söyməsi ilə bağlı həbsxana nəxzarətçilərini çağırıb: 

“Məqsədim isə onlara izah etmək istəmişəm ki, Oleqə niyə kibrit verməyiblər. O da belə əsəbləşib və söyüş söyüb. Əgər vaxtında ona kibrit vermiş olsaydılar, Oleqdə söyüş söyməzdi. Nəzarətçiləır gedəndən sonra Oleq yenə söyüş söydü. Məni “paqon”a işləməkdə ittiham etdi. Ona dedim ki, satqın deyiləm, heç kimə də işləımirəm. Nəzarətçilərin də dövlətin işçiləri olduğunu dedim. Bu zaman Oleq dövləti də söydü, məni də. Mənim yanımda heç kim dövləti söyə bilməz. Mənim bu dövlətə canım qurban olsun dedim. Bu vaxt Oleq mənə qarşı şəxsi söyüşlər etməyə başladı. O, anamı söydü. Anam da həmin vaxt yeni rəhmətə getmişdi. Bu mənə pis təsir etdi. Onu yumruqla vurdum. Bu zaman Oleq yaxamdan yapışdı və alnı burnuma qədər dəydi. Onun məni kəllə ilə vurmaq, burnumu sındırmaq məqsədi olduğunu başa düşdüm. Məcbur qalaraq başımı əydim ki, burnumu sındırmasın. Onu fırladaq yerə çırpdım. Belə etməkdə də məqsədim özümü müdafiə etmək olub. Yerə çırpanda Oleqin başı betona dəydi və qan axdı. Ona dedim ki, başını yu. Amma o, kamerada qoyulan yumşaq stəkanı götürək üstümə gəldi. Mən də stəkanı ondan aldım və başının alın nahiyyəsinə bir, arxa nahiyyəsinə iki zərbə vurdum. Bu zaman qapı açıldı və nəzarətçilər içəri keçdilər. Məndən əlimdəki sətkanı yerə atmağı tələb etdilər. Sonra mənə qandal vurdular və növbətçinin otağına apardılar. Oleqi isə həkim məntəqəsinə apardılar”.

Zahidikəhriz Abbasovun sözlərinə görə, nəzarətçilər daha sonra həbsxana rəisinin müvainə zəng ediblər və hadisə barədə məlumat veriblər: 

“Məni də, Oleqi də rəis müavinin yanına apardılar. Oleq məndən 150-200 metr qabaqda gedirdi. O, özü sərbəst hərəkət edirdi, sağ-salamat idi. 7 gündən sonra xəstəxanada vəfat etdi. Qəsdən adam öldürmək buna uyğun gəlmir”. 

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, 1994-cü ildə Rusiyada qətl törətdiyi üçün ömürlük cəza alıb. Bir müddət Rusiyada cəza çəkən məhkum sonradan Azərbaycana gətirilib: 

“2014-cü ildən Qobustan həbsxanasında cəza çəkirəm. Mərhum Oleq ilə 4 ildir ki, eyni kamerada saxlanılır. Mən Oleqə həm ana, həm də dədə olmuşam.Əvvəllərdə Oleq ilə mübahisələrimiz olub. Amma onun bu söyşlərinin üstündən keçmişəm. Amma anam rəhmətə getdiyi ərəfədə söyüş söydüyü üçün bundan keçə bilmədim”. 

Təqsirləndirilən şəxs deyib ki, cəza çəkdiyi müddətdə bir dəfə nizam-intizam qaydalarını pozduğu üçün “kars”a salınıb, bir dəfə də töhmət alıb. 

O, xüsusi təyinatlı qüvvələrdə xidmətdə etdiyini, 6 il Qarabağda döyüşdüyünü deyib.

Prokurorun sullarına cavab verən təqsirləndirilən şəxs deyib ki, mərhum Oleqin 60-dan çox yaşı olub. 

Onun sözlərinə görə, Oleq fiziki cəhətdən ondan güclü olub. 

Prokurorun “siz idmanla məşğul olurduz, həm də siqaret çəkmirdiz, amma mərhum həm siqaret çəkirdi, həm də yaşca sizdən böyük olub. Necə ola bilər ki, o sizdən fiziki cəhətdən güclü ola bilər” sualına təqsirləndirilən şəxs belə cavab verib: 

“Oleq də idmanla məşğul olurdu. Həm də futbolçu olub. Fiziki cəhətdən məndən güclü olub. Mən idman etsəm də, yarımcanam. Çünki Rusiyada həbsxanada cəza çəkərkən ermənilər məni öldürmək istəyiblər. Bu səbəbdən xəstəxanada müalicə almışam, ağ ciyərimin yarısını kəsiblər. Buna görə də Oleq məndən güclü olub”. 

Hadisənin şahidi olmuş ömürlük məhkum Səmədağa Hənifəyev 1958-ci ildə Hacıqabul rayonunda anadan olub, 19992-ci ildən ömürlük cəza çəkir. Onun sözlərinə görə, Zahidikəhrizi “Zaxa” kimi çağırıblar. 

Səmədağa Hənifəyev qeyd edib ki, hadisə zamanı yatıb. Bərk yatdığını söyləyən məhkum nəzarətçilər içəri daxil olandan sonra oyandığını deyib. 

Onun sözlərinə görə, Oleqi döşəmədə uzanmış vəziyyətdə qan içində olduğunu görüb. 

O bildirib ki, Zahidikəhrizlə Oleqin mübahisələrini eşitməyib. 

Səmədağa Hənfəyev deyib ki, Oleq rus dilli olub və tez-tez söyüş  işlədib. Amma mehriban olduqlarını deyən məhkum 30 ildir cəza çəkdiyi dövrdə kamerada ilk dəfə idi belə hadisə ilə rastlaşdığını bildirib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top