Vətəndaş cəmiyyəti təşkilatlarının məişət zorakılığı sahəsində maarfiləndirmə təcrübələri

SOSİAL 24 mar 2023, 17:40
Vətəndaş cəmiyyəti təşkilatları bu gün istər ölkədaxili, istərsə də, ölkələrin xarici siyasəti ilə bağlı, daha dəqiq ifadə etsək beynəlxalq təşkilatların Azərbaycana münasibəti ilə bağlı proseslərdə olduqca böyük və əhəmiyyətli rol oynayırlar. 

Hər bir ölkədə demokratikləşməsi və ictimai fikrinin formalaşması  sahəsində vətəndaş cəmiyyəti institutlarının rolu böyükdür. Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk illərdə ölkədə vətəndaş cəmiyyətini təmsil edən təşkilatların sayı demək olar ki, yox dərəcəsində idi. Bu gün isə ölkənin ictimai-siyasi, eləcə də mədəni və sosial həyatında aktiv şəkildə iştirak edən, fəaliyyəti ölkədaxili əhəmiyyət daşıyan qeyri-hökumət təşkilatları kifayət qədərdir.

Başqa sözlə desək, bu gün vətəndaş cəmiyyəti institutları ölkə əhəmiyyətli hadisələrdə bir növ ictimai nəzarət mexanizminin həyata keçirirlər.
Qeyd edək ki, cəmiyyət üçün bu gün aktual olan problemlərdən biri də məişət zorakılıqlarının artmasıdır.

Ailə daxilində və yaxud yaxın qohumlar arasında baş verən bu cür münaqişələrin motivləri fərqli olsa da, nəticə cəmiyyət üçün xoşagəlməz və eynidir.
Baxmayaraq ki, son illər ən ucqar kəndlərdə belə baş verən zorakılıq hallarının üstü açılır və həmin hadisələrə müvafiq qurumlar tərəfindən lazımi qiymət verilir və tədbirlər görülür. 

Etiraf etmək lazımdır ki, məişət zorakılığı sahəsində problemlərin ictimailəşdirilməsində vətəndaş cəmiyyəti institutları da böyük rol oynayırlar.
Müasir texnologiyalarının inkişafı, eləcə də  sosial şəbəkələrdə məlumat axınının güclü olması hər hansı bir hadisə ilə bağlı ölkə ictimaiyyətinin qısa bir zaman kəsiyində məlumat almasına səbəb olur. Onu da deyək ki, bu təcrübə son illər sosial şəbəkələri Azərbaycan seqmentində özünü daha çox doğruldur. Məsələn, hazırda bütün dünyada və Azərbaycanda da geniş istifadəçisi olan Facebook səhifəsi üzərindən yayımlanan hansısa məişət zorakılığı və ya digər müstəvidə baş vermiş hadisələrlə bağlı həmin ictimaiyyət, eləcə də müvafiq dövlət qurumları və hüquq-mühafizə orqanları da qısa vaxtda məlumat alır və dərhal həmin bu istiqamətdə tədbirlər görməyə başlayır. Amma unutmaq lazım deyil ki, hadisələrin qısa zaman kəsiyində ictimailəşdirilməsində əsas rolu oynayan tərəflərdən biri elə vətəndaş cəmiyyəti institutlarıdır.

Qeyd edək ki, son illər ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları məişət zorakılığı və onun qarşısının alınmasına dair çoxsaylı maarifləndirici tədbirlər olub. Bu tədbirlər əsasən “Zorakılığa yox deyək”, “Qadın və uşaqlar zorakılıq qurbanları olmasın” və s.

Qeyd edək ki məişət zorakılıqlarının əksər hallarda qurbanları qadınlar və uşaqlar olduğuna görə həmin zorakılıqlardan ən çox psixoloji, tibbi və fiziki əziyyət çəkənlər də onlardır. 

Lakin bu amili nəzərə almaq lazımdır ki, “Zorakılığa yox deyək” – devizi altında QHT-in keçirdikləri tədbirlər daha çox ictimai əhəmiyyət daşıyır. Hər hansı insana “zorakılığa döz” yaxud “zorakılığa yox de” deyilməsi heç də həmişə çıxış yolu deyil. 

Yaranmış problemin həllinə ilk növbədə zorakılığa məruz qalan tərəf və zorakılıq göstərən şəxslərin ailə üzvlərinin yaxınları tərəfindən müəyyən  təzyiqlər  olmalıdır. Çünki belə ailələrdə olan zorakılıq halları uşaqların psixologiyasına da öz mənfi təsirini göstərir.

Ailədaxili zorakılıq varsa, mütləq o ailədən məktəbə gələn uşağın davranışında bu özünü göstərəcək. Onu da qeyd edək ki, qeyri-hökumət təşkilatları ilə yanaşı Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də fəaliyyət göstərir və vaxtaşırı komitə tərəfindən də məişət zorakılığının qarşısının alınması üçün maarifləndirici tədbirlər görülür.

Bundan başqa, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən zorakılıq qurbanlarına psixoloji yardım göstərmək və onların reabilitasiya keçməsinə kömək etmək məqsədi ilə ölkədə qadın və uşaq sığınacaqları da fəaliyyət göstərməkdədir. Bu cür mərkəzlərin yaradılması isə məişət münaqişəsi müstəvisində mənəvi və psixoloji travma almış insanların özlərinin toparlanması və yenidən ictimai həyata qayıtması baxımından böyük əhəmiyyət daşıyır. 
Bununla belə, ölkədə bu sahədə fəaliyyət göstərən QHT-nin beynəlxalq təcrübələrdən istifadə etməsi də məqsədəuyğun olardı.

Odur ki, məişət zorakılığının qarşısının alınmasına dair geniş şəkildə tədbirlər planı hazırlanmalı və bu istiqamətdə fəaliyyət göstərən QHT-lərə və sığınacaqlara dövlət tərəfindən zəruri dəstək göstərilməlidir.

Faiq Mahmudov
 
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top