Böyük Qayıdış: “Uzun illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər”

SOSİAL 18 mar 2023, 12:00
Əldə olunan şanlı qə¬ləbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-qurucul¬uq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Artıq Böyük Qayıdış proqramı çərçivəsində mart ayında Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. Onlar Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan ailələrdir.

Millət vəkili Kamran Bayramov Demokrat.az-a açıqlamasında deyir ki, Vətən müharibəsində qazanılan qələbədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına başlanılıb:



“Uzun illər davam edən işğaldan qurtulan Qarabağda nəhəng yenidənqurma işləri bir an belə səngimir. Ermənistan işğalı zamanı tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş tarixi, mədəni və dini abidələr yenidən bərpa olunur, yollar çəkilir, emal və infrastruktur müəssisələri inşa edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndinə ilk mərhələdə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar”.



K.Bayramov qeyd edib ki, qısa müddət ərzində görülmüş işlər və bərpa ilə bağlı verilmiş tapşırıqlar Azərbaycan vətəndaşlarında azad edilmiş torpaqlarda məskunlaşma və böyük qayıdışın qısa müddətdə təmin olunacağı əminliyini yaradıb:

“Prezident İlham Əliyev bütün dünyaya «Qarabağı cənnətə çevirəcəyik!» mesajını verdi. Görülən işlər artıq öz bəhrəsini verməkdədir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti ilk mərhələdə Talış kəndində məskunlaşan 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub. Talış kəndinin sakinləri uzun illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövrün, zamanın tələblərinə uyğun olaraq idarəetmə sistemində təkmilləşmələr həyata keçirməklə hazırkı inkişaf səviyyəsinə nail olmuşdur:



“Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu «Qafqazın Xirosiması» adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, 30 illik işğal dövründə işğalçıya heç kim «Azərbaycan torpaqlarından çıx!» demədi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bədxah qonşularımızın bütün məkrli cəhdlərinə rəğmən Böyük Qayıdış uğurla həyata keçirilir!”.

BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov isə Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra ən əsas məqsədlərdən biri olan ərazilərin minalardan təmizlənməsi, tikinti-quruculuq işlərinin aparılması, infrastruktur layihələrinin icrası həyata keçirilib:



“Böyük Qaydışla bağlı dövlətimiz tərəfindən xeyli işlər görülüb və görülməkdədir. Hətta, ilk qəsəbə hazır olub, əhali oraya köçürülüb. Amma bu, təbii ki, başlanğıcdır. Məsələ ondadır ki, əsas məqsədimiz qaçqın düşmüş əhalimizin uzun illərdən sonra öz torpaqlarına qayıtmasıdır. Bu, özünü doğruldar, ya doğrultmaz deyə fikirləşmək doğru olmaz. Bu, mütləqdir və hətta həyatı əhəmiyyət daşıyır. Torpaq əgər bizimdirsə, onun üzərində də yaşamalı, onu əkib-becərməliyik”.



Ekpert qeyd edib ki, köçürülən əhalinin dinc və firavan yaşaması Azərbaycan dövlətinin əsas vəzifəsidir:

“Təbii ki, bunu zaman tələb edir, çünki həyatın yenidən canlanması üçün zamana ehtiyac vardır. İran və ya Ermənistanın nə fikirləşməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur! Bu, bizi maraqlandırmır. Torpaqlarımızda əhalimizin yerləşməsi üçün kimsənin fikirlərini nəzərə alası deyilik. İran rejimi və Ermənistan bizə düşmən  ölkələrdir. Təbii ki, bizim inkişafımızı istəməzlər. Azərbaycan buna görə çox güclü olmağa məcburdur. Regiondakı proseslər hələlik tam şəkildə başa çatmadığı üçün azad edilmiş ərazilərdəki işlərdə də müəyyən qədər ehtiyatlı davranma var. Əsas strateji işlər görülür və bu da qarşıdurma risklərinin mövcudluğu ilə əlaqəlidir. Amma, hesab etmək olar ki, tədricən bu riskləri də aradan qaldırılacaq”.





Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top