Qalada gənclər arasında qanlı dava – TƏFƏRRÜAT

KRİMİNAL 02 fev 2023, 11:47
Bakının Xəzər rayonunda 2001-ci il təvəllüdlü Ramiz şəxsi münasibətlər zəminində tanışı Əlizamini bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 28-də, rayonun Qala qəsəbəsi, Döngə 1 ünvanında baş verib. 

Ramiz Əlizaminin uca səslə danışması ilə əlaqədar və onun əmisi oğlunu döydüyünə görə mübahisə edib. Yaranmış mübahisə zamanı ov bıçağı ilə Əlizamina bir dəfə vurub. 
İstintaq orqanı tərəfindən Ramizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə baş verən gün onun əmisi oğlu ilə Əlizamin dalaşıb: “Mən də davaya qoşularaq Əlizamin ilə dalaşdım. Mən Əlizaminin əmim oğlunu döydüyünə görə bıçaqladım”. 

Təqsirləndirilən şəxs sərbəst şəkildə ifadəsini verdikdən sonra cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirib ki, zərərçəkmiş şəxsi bıçaqladığı zaman istifadə etdiyi bıçağı mağazadan alıb: “Bıçaq çox vaxt evdə olub. Lakin bəzən üzərimdə olub. Əvvəllər zərərçəkmiş şəxsi tanımışam. Əlizamin ilə münasibətim yaxşı olub. Hadisə Qala qəsəbəsində baş verib. Biz Qala qəsəbəsində yaşayırıq. Bizim evimiz ilə əmimgilin evi arasında bir divar vardır. Mən həyətdə oturan zaman birdən səs-küy eşitdim. Həyətdən küçəyə çıxdım və gördüm ki, Əlizamin ilə əmim oğlu Ömər dalaşırlar. Əmim oğlunun 15-16 yaşı var. Əmim oğlu küçəyə çıxdı və Əlizamingilə qapının önündə dayanmamalarını bildirdi. Əlizamin isə Ömərə bir neçə dəqiqədən sonra gedəcəklərini bildirdi. Bir müddətdən sonra Əlizamin əmim oğlu Ömərə şillə vurdu”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra küçəyə çıxıb və Ömərlə Əlizamini aralayıb: “Mən Əlizaminə yaxınlaşan vaxt o, əsəbi olub və mənim çənəmə yumruqla zərbə endirdi. Əlizamini bıçaqla vurdum. Həmin bıçağı mağazadan yenicə almışdım. Bıçaq açılıb-qatlanan olub. Bıçaq hadisə vaxtı mənim sağ cibimdə oldu. Əlizamin məni vurduqdan sonra əsəbləşdim və özümü müdafiə etmək üçün bıçaqdan istifadə etmişəm. Əlizaminin yan tərəfindən bir dəfə vurdum. Sonra qonşular küçəyə çıxdılar. Əlizaminə ilkin tibbi yardımı qohumlarımız göstərdi”. 

Cinayət işi üzrə zərərçəkmiş Əlizaminin sözlərinə görə, təqsirləndirilən şəxs onun qonşusudur, onların arasında heç vaxt münaqişə olmayıb: “Mən küçə ilə getdiyim zaman təqsirləndirilən şəxs və onun əmisi oğlu Ömər gəldilər. Ömər məndən  əl çəkmədi. Ramiz və Ömər içkili olublar. Ramizgil ayıq olsa idilər, bu hadisə baş verməzdi. Ömər əl çəkmədi və məni təhqir etdi. Mən də Öməri itələdim ki, yeri, çıx get. Ömər məndən yapışdı və həmin vaxt Ömər keyfli olub. Birdən yan tərəfimdən isti nəsə axdığını hiss etdim. Sonradan gözümü açdıqda xəstəxanada olduğumu gördüm”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, iş üzrə şahid Elçin onun dayısı oğludur: “Elçin məni xəstəxanaya aparıb”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Ramiz 4 il müddətinə azadlıqdan məhrum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top