Şeyxin qardaşının “10 qəpik” söhbəti...

TƏHLİL 01 fev 2023, 13:13
Atalarımızın məşhur sözü var: burnun girməyən yerə başını soxma. Bəzən elə şeylərlə qarşılaşırıq ki, bir qədər sərt görünən bu ifadə tam yerinə düşür. Çünki günümüzdə hansısa məsələyə münasibətdə bir çoxu bilib-bilmədən danışır, “burnunun girmədiyi yerə başını soxmağa” çalışır, ağıllı görünmək üçün özünü gülünc vəziyyətə salır. 

Milli Məclisin deputatı Cavanşir Paşazadənin Taarif Şurasının ictimai nəqliyyatda sərnişindaşıma tariflərinə dəyişiklik etməsi ilə bağlı qərarına münasibəti atalarımızın gözəl sözünü yada salır. 

Deputat kimi fəaliyyətindən daha çox, “şeyxin qardaşı” kimi tanınan Cavanşir Paşazadə deyir ki, “bunlar hansı əsasla qiyməti artırır”. 

Daha sonra özünü ağıllı göstərmək, həm də “sığortalamaq” üçün qiymət artımının Prezident İlham Əliyevin sosial islahatlarına qarşı olduğunu iddia edir, “hər maaş artımından sonra qiymət artımlarının yaşandığını” deyir.

Bu sözləri hansısa vətəndaş deyərsə, məsələni mahiyyətini bilməsə belə qiymət artımına etiraz kimi qəbul etmək, həm də anlayışla qarşılamaq olar. Bunu hansısa iqtisadi ekspert deyərsə, qiymət dəyişikliyinə münasibət olaraq qəbul etmək olar. Amma bunu ictimai fəaliyyəti “Şeyxin qardaşı” olmaqdan o yana keçməyən bir deputat deyirsə, o zaman, təftiş edilməsi zərurətə çevrilir.

Ona görə yox ki, Cavanşir Paşazadə hakim partiyadan seçilən deputatdır və onun sözləri iqtidarın sosial-iqtisadi siyasətinə qarşı kimi görünür. Məsələyə bu amil üzərindən yanaşmaq mümkün olsa da, məsələyə hər şeydən öncə başqa rakusdan baxmaq lazımdır. 

Axı Cavanşir Paşazadə iqtisadçı deyil, qiymət dəyişikliyinin səbəblərindən belə xəbərsizdir. Yaxud hər gün ictimai nəqliyyatdan istifadə etmir, bəlkə də sonuncu dəfə avtobusdan, yaxud metrodan SSRİ dövründə istifadə edib. Əminliklə deyə bilərik ki, ölkədə ictimai nəqliyyatdakı dəyişikliklərdən ümumiyyətlə xəbərsizdir. Bəlkə də qiymət artımına qədər ictimai nəqliyyatdan gediş haqqının 30 qəpik olduğunu belə bilmirdi.

Kiçik bir qeydlə məsələni mahiyyətini izah etmək zərurəti var, bəlkə Şeyxin deputat qardaşı bir qədər maariflənər. İctimai nəqliyyatda qiymət dəyişikliyi dövlətin yox, daşıyıcı şirkətlərin müraciəti əsasında qərara alınıb. Daşıyıcı şirkətlər uzun müddətdir ki, mövcud tariflə xərclər arasındakı böyük fərqə etiraz edir, bunun dəyişdirilməsini istəyirdilər. İndiyə qədər dövlət daşıma şirkətlərinə dəstək verməklə tarif dəyişikliyinin olmamasına çalışırdı, lakin mövcud iqtisadi vəziyyət, eləcə də vətəndaşın həyat şərtləri nəzərə alınaraq, Tarif Şurası daşıma şirkətlərinin müraciətini nəzərə aldı.

Sərnişin daşınmasının maya dəyəri ilə tarif arasındakı fərqə baxdıqda da reallığı görmək olur. Belə ki, 1 sərnişinin daşınmasının maya dəyəri ilə tarif arasında fərq, bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin 2023-cü ildə 82 qəpik olacağı gözlənilir, şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə 33,5 - 57,4 qəpik arasında dəyişir. Göründüyü kimi, orta qiymət 40 qəpikdən artıqdır.

Bu kimi faktlar kifayət qədərdir, lakin vətəndaş mövcud reallığı anladığı halda bir deputatın bu mövqeyi ya anlamamazlıqdan irəli gəlir, ya da özünü “vətəndaşa canı yanan kimi” göstərməkdən.

Ay hörmətli deputat, sonuncu dəfə ictimai nəqliyyatdan nə vaxt istifadə etmisən ki, mövcud vəziyyətdən xəbəri olan şəxs kimi “ağıllı-ağıllı” danışırsan. 

Adama deyərlər, ay Şeyxin qardaşı deputat vətəndaşa belə “canın yanırsa”, seçildiyin dairədəki vətəndaşların problemlərindən də danış, onların həllinə kömək göstər. 

Cavanşir Paşazadənin Milli Məclisdə sonuncu dəfə nə vaxt danışdığını nəinki biz, heç özü də xatırlamır. İndi “başını başlara qoşub” gündəmin  mövzusundan danışmaqla “burnunun girmədiyi gündəmə başını soxmağa” çalışır!


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top