Hacı Şahin: “Səfirliyimizdəki terror aktına görə İran məsuliyyət daşıyır”

GÜNDƏM 30 yan 2023, 15:55
“Torpaq uğrunda soydaşlarımız üçün canından keçən şəhid hesab olunur. Bu igidimiz də xarici ölkədə olan səfirliyimizdə soydaşlarının canını xilas etmək üçün şəhidlik zirvəsinə ucaldı”.

Oxu.Az xəbər verir ki, bu sözləri şəhid Orxan Əsgərov cənazə namazını qılan Hacı Şahin Həsənli deyib.

O bildirib ki, bu hadisə Azərbaycan xalqının hiddətinə səbəb olub:

“Əslində belə hadisələr nadir hallarda olur. Bu hadisəyə görə, şübhəsiz ki, İran dövləti məsuliyyət daşıyır. Onun ərazisində yerləşən səfirliklərin qorunması dini və beynəlxalq konvensiyalarda təsdiq edilmiş məsələdir. Azərbaycan xalqı cinayətkarın layiqli cəzasına çatmasını tələb edir. Bu hadisənin obyektiv araşdırılması və yekun məlumatın ictimaiyyətə elan edilməsini tələb edirik”.

O bildirib ki, iki dövlət arasında münasibətlərin korlanmasına yönəlik ritorikadan istifadə olunmamalıdır:

“Bəzən məsuliyyətsiz, yersiz bəyanatların şahidi olurduq. Bütün bunlar münasibətlərin kəskinləşməsinə gətirib çıxarır. Şübhəsiz ki, Azərbaycan dövləti hər zaman qonşularla dostluq münasibətini prioritet kimi qəbul edib. Azərbaycan İslam həmrəyliyinin tərəfdarıdır. Ona görə də müsəlman ölkələrindən gözləntimiz bu olub ki, Azərbaycanın haqq işinə hər zaman dəstək olsunlar. Bu qardaşlıq münasibətini biz Azərbaycana qarşı da görməliyik. Bu, bizim dinimizin tələbidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top