Bakıda sabiq bələdiyyə işçisinin şok əməlləri — TƏFƏRRÜAT

KRİMİNAL 26 yan 2023, 13:04
Biləcəri və Xocahəsən Bələdiyyəsndə vergi şöbəsinin müdiri vəzifəsində işləmiş Cavid dələduzluqda ittiham olunub. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Cavid tanışı Mehmana Biləcəri qəsəbəsi ərazisində yerləşən 1100,0 kv.metr torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququ verən sənəd almasına köməklik edəcəyini yalandan vəd verib. O, 2022-ci ilin aprelin sonunda 5000 manatdə, iyul ayının ortalarında isə 300 manat alıb. 

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər Biləcəri və Xocahəsən Bələdiyyəsndə vergi şöbəsinin müdiri işləyib: “Daha sonralar ev və torpaq alqı-satqısına, həmçinin sənədlərinin alınmasına köməklik etməklə məşğul olmuşam. Mehmanı əvvəllər onunla eyni qəsəbədə yaşayan sakin kimi tanısam da, yaxın münasibətim olmayıb. Lakin 2022-ci ilin aprel ayında tarixini dəqiq xatırlamadığım gündə mehman mənə zəng etdi. O, Sumqayıt şossesinin kənarında, Binəqədi rayonu ərazisində olan 11 sot torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən sənəd almaq istədiyini dedi. Sonra biz görüşdük və həmin torpaq sahəsinə baxmağa getdik. Həmin torpaq sahəsinin Neft şirkətinin ərazisində yerləşdiyinə görə bununla bağlı yalnız məhkəmədən qərar almaq lazım olduğunu söylədim və tanışlarım ilə danışacağımı bildirdim. Amma heç kimlə bu barədə danışmadım”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2-3 gün sonra Mehmana zəng edib və Mehmanın Xırdalan şəhərində işlədiyi tikintinin ofisində görüşüb: “Həmin yerə qonşum İlkinlə getdim. İlkin taksi fəaliyyəti ilə məşğul olduğuna məni Xırdalana aparmasını xahiş etmişdim. Biz görüşdükdən sonra Mehmandan həmin torpaq sahəsinə aid sənədlərin ksero surətini istədim. Bu işin həlli üçün 5300 manat lazım olacağını bildirdim. Mehman da razılaşdı, işlədiyi tikintinin ofisində mənə həmin torpaq sahəsinin Bələdiyyə sənədlərinin ksero surətini və 5000 manat verdi.  Mən də qalan məbləği də torpağın sənədi tam hazır olduqdan sonra alacağımı söylədim”.

Cavid bildirib ki, 2022-ci ilin sentyabr ayınadək məhkəmə yolu ilə torpağın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışını alıb və verəcəyini bildirib: “Mehman da razılaşdı. Bundan sonra biz tez-tez telefonla əlaqə saxladığımız vaxtı Mehmana torpağın sənədləri ilə məşğul olduğumu, sənədlərin yaxın günlərdə hazır olacağını dedim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2 ay sonra, 2022-ci ilin iyul ayının ortalarında tarixini dəqi xatırlamadığı gündə Mehmana zəng edib:

“Sənədin düzəlməsi üçün əlavə 300 manat lazım olduğunu söylədim. Mehman da gələrək iş yerindən götürməyimi söylədi. Sonra İlkindən məni Xırdalan şəhərinə Mehmanın işlədiyi tikintinin ofisinə aparmasını xahiş etdim. Xırdalan şəhərinə gedərək Mehmanla görüşdüm. Mehmandan 300 manat aldım. Mən pulu alan zaman sənədlərin sentyabr ayınadək hazır olacağını dedim və oradan getdim. Həmin ərəfədə ailəmdə yaranan bəzi şəxsi problemlərim ilə bağlı bir müddət ölkədən çıxmaq qərarına gəldim. Bu səbəbdən  Türkiyəyə getdim. Mehmanın şikayət etdiyini polis əməkdaşları məni axtarmaq üçün yaşadığım evə getdikləri vaxt bildim. Həmin vaxtı mən Türkiyədə oldum”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavidin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Cavidin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top