MEDİA hədəfdə — Reyestrdən narahat olanlar kimlərdir?

MEDİA 24 yan 2023, 21:31

Azərbaycanda islahatlar bütün sahələri, o cümlədən medianı əhatə edir. İslahat həm də inkişaf, müasir çağırışlara cavab vermək deməkdir. Bu istiqamətdə atılan addımların ən mühümü qanunvericilik bazasının təkmilləşdirilməsidir. Mediada islahatların anonsu verildikdən bir müddət sonra “Media haqqında” qanun layihə formasında müzakirəyə çıxarıldı, müxtəlif fikirlər səsləndi. Demək olar, əleyhinə çıxan olmadı, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri birmənalı dəstəklədi, çünki bu layihə cəmiyyətin sifarişi idi.

Təsəvvür edin, müasir media 1992-ci ildə qəbul edilən “Kütləvi informasiya vasitələri haqqında” qanunla tənzimlənirdi. 30 il ərzində dəyişikliklərdən hər kəs məlumatlıdır. Ona görə də köhnə qanunda boşluqların olduğu açıq-aydın görünürdü, xeyli dəyişiklik də edilmişdi, amma kifayət etmirdi. Boşluq varsa, deməli, sui-istifadə halları da var, 1-2 nəfərin qanunsuz əməlləri ölkə jurnalistlərinin adına yazılırdı. Çünki o da saytının və ya qəzetinin olduğunu deyir, sənədi də təqdim edirdi... Əvvəlki qanunda jurnalistlərlə belə şəxslərin arasında fərq qoyulmurdu. Kim istəyirdisə, özünü jurnalist kimi təqdim edirdi. Yeni qanun – “Media haqqında” qanun tam təkmil formada hazırlandı. Əmin idik ki, yeni qanunun icrası bu halların qarşısını alacaq. Yanılmamışıq. İndi bəzi özlərini jurnalist adlandıranlar bundan narahat olmağa başlayıb, şər-böhtan kampaniyasına başlayıblar.

Xatırlayırsınızsa, qanun layihəsi Milli Məclisdə müzakirə olunanda 3-5 nəfər parlamentin inzibati binasının qarşısında etiraz aksiyası keçirdi. Amma buna baxmayaraq qanunverici orqan layihəni III oxunuşda qəbul etdi, daha sonra Prezident İlham Əliyev təsdiqlədi.

Qanunda xüsusi qeyd olunub ki, ölkədə fəaliyyət göstərən media subyekti Media Reyestrində qeydiyyatdan keçməlidir. Prosedur da çox sadədir. Sadəcə, məlumatlar sistemə yüklənir, vəssalam. Əgər media subyekti göstərilən tələblərə cavab vermirsə, imtina cavabı verilir, təbii ki, növbəti dəfə də müraciət hüququ tanınır. Fəaliyyəti qanuna uyğun olmayan media subyektləri məhkəməyə verilir, məsələ orada yoluna qoyulur. Məhkəmənin qərarından asılı olaraq, ölkədə girişinə ya məhdudiyyət qoyulur, ya da əksinə. Narahat olanlar bunu müstəqil medianın boğulması kimi qiymətləndirirlər. Onlar bilməlidirlər ki, müstəqillik özbaşınalıq deyil. Maraqlansınlar, Reyestrdə qeydiyyatdan keçən media subyektlərinə hər hansı müdaxilə olurmu, müstəqil fəaliyyətlərinə əngəl törədilirmi? Əlbəttə, xeyr! Adi qaydada iş davam edir. Bir məsələni də xüsusi qeyd etmək istərdim, əvvəllər hansısa qanun qəbul ediləndə, icrasına nəzarətdə bəzi boşluqlar olurdu. Artıq elə deyil, media ilə bağlı qanunun icrasını Medianın İnkişafı Agentliyi həyata keçirir. Ona görə Agentliyin icraçı direktoru Əhməd İsmayılov hədəfə gətirilir. O dəfələrlə bildirib ki, Media Reyestri yalnız jurnalistlər üçün könüllüdür, amma media subyektləri üçün belə deyil. Burada çətin, anlamamalı nə var ki? Qarşıya məqsəd qoyulub: Şəffaflığın təmin edilməsi, ölkə jurnalistlərinin nüfuzunun artırılması, medianın beynəlxalq səviyyəyə qaldırılması... Atılan addımlar artıq bəhrəsini verir, “reket” damğası da aradan qalxır. “Reket”lər, imici ləkəli şəxslər istənilən qədər etiraz edə, narazılıqlarını bildirə bilərlər. 3-5 nəfərin harasa toplaşması cəmiyyətin mövqeyini dəyişə bilməz. Bir sözlə, nəticə olmayacaq, karvan öz yolundadır! (Pravda.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top