"Azərbaycan Orta Dəhlizin işləməsi üçün üzərinə düşən bütün vəzifələri icra edib" — ŞƏRH

GÜNDƏM 23 yan 2023, 21:53
“Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlət başçısının yüksək nüfuzunun göstəricisidir”.

Bu sözləri Demokrat.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı ilə əlaqədar danışarkən deyib. O, qeyd edib ki, İlham Əliyevin Davosdakı Dünya İqtisadi Forumunda iştirakı, forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur:

"Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezidentin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir".

Dövlət başçısının forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışına gəldikdə, isə analitik qeyd edib ki, ölkə başçısı öz çıxışında bir sıra vacib məqamlara toxunub:

"Orta Dəhlizin perspektivləri və üstünlükləri ilə bağlı danışan prezident bu nəhəng layihədə iştirak edən ölkələr arasında yaxşı münasibətlərin olduğunu vurğuladı. Təbii ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan özünün qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Həqiqətən də, Azərbaycan Orta Dəhlizlə bağlı bütün təşəbbüsləri dəstəkləyir və prezidentin də vurğuladığı kimi Azərbaycan həmin yolun işləməsi üçün üzərinə düşən bütün vəzifələri icra edib. Ölkəmizdə həmin nəqliyyat infrastrukturunun bütün zəruri seqmentləri artıq qurulmuş vəziyyətdədir".

Politoloq qeyd edib ki, Orta dəhlizin əhəmiyyəti ilə bağlı danışan Prezident həm də konkret təkliflərlə çıxış edib:

"O bildirdi ki, artıq bu ildən etibarən neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Odur ki, bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur və bundan istifadə olunmalıdır. Eləcə də “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Prezident dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsinin vacibliyinə də toxunaraq, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu bağlantılarının təkmilləşdirilməsi ilə bağlı təkliflə çıxış etdi. Həmçinin, Azərbaycanda bütün zəruri infrastruktur obyektlərinin daha çox yük qəbul etməyə hazır olması ilə bağlı da məlumat verdi. Həqiqətən də ölkəmiz bu istiqamətdə olduqca vacib işlər görməkdədir. Məlumdur ki, hazırda ölkəmizin dəniz limanının yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir. Lakin artıq həmin həcmin 25 milyon tona qədər genişlənməsi ilə bağlı işlərə start verilib və elə prezidentin də qeyd etdiyi kimi bunun üçün vəsait də ayrılıb. Bu olduqca vacibdir, çünki son illər ərzində Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunmaqdadır".

"Prezident digər bir məsələyə toxunaraq istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balansın olmasının vacibliyinə də toxundu. Həqiqətən də tərəflər arasında maraqların balansının qorunub saxlanılması olduqca vacib amildir və bu amil ölkələr arasında qarşılıqlı faydalılıq prinsipi əsasında münasibətlərin inkişafına imkan verir. Elə cənab Prezident də bu məqama toxunaraq Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan və Türkiyə-Gürcüstan arasındakı münasibətləri qeyd etdi. Bu ölkələr arsında artıq bir neçə üçtərəfli əməkdaşlıq formatının olması, xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində təmaslar, eləcə də üç ölkə başçısının iştirakı ilə liderlər sammitinin keçirilməsi təbii olaraq ölkələrimiz arasında münasibtlərin inkişafına böyük həcmdə dəstək verir", - deyə politoloq sonda qeyd edib.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top