Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq gündəmə çıxarıldı

SİYASƏT 13 yan 2023, 12:01
Qərbi Azərbaycana qayıdış hədəfinə doğru proseslər getdikdə daha geniş vüsət alır. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında ziyalılarla görüşdə səsləndirdiyi fikirlər dövlətin soydaşlarımızın hüquqlarının bərpası məsələsində əlindən gələn dəstəyi verəcəyini təsdiqlədi. Dövlət başçısı bir neçə gün öncə yerli telekanallara verdiyi müsahibəsində də bu məsələyə toxundu və Qərbi Azərbaycana qayıdış strategiyasının hazırlandığını elan etdi. Artıq prosesin başlandığını deyə bilərik.

İcmanın 3 dildə yayımladığı müraciət bu baxımdan əhəmiyyətlidir. Müraciətdə soydaşlarımızın deportasiya edilməsi tarixi xatırlanır və bu ədalətsizliyin aradan qalxması istiqamətində fəal işə başlanıldığı elan edilir. Həmçinin, Ermənistan ərazisində Azərbaycana məxsus maddi-mədəni irsin məhv edilməsinə diqqət çəkməklə bu torpaqların sahiblərinin azərbaycanlılar olduğu faktlarla isbat edilir.

Qərbi Azərbaycan İcmasının müraciətində üç məqam xüsusilə əhəmiyyətlidir.

Birincisi, Ermənistan hökumətinə çağırış edilir. İcma “Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edir”. Bu, Ermənistanın hazırkı hökumətinin üzərinə öz evlərindən qovulmuş azərbaycanlıların qayıtmasına şərait yaratmaq məsuliyyəti qoyur. Əgər rəsmi İrəvan bundan imtina edərsə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada təsbit olunmuş geri qayıtmaq hüququnu pozmuş olacaq. Çünki azərbaycanlılar Ermənistana qarşı hər hansı ərazi iddiası irəli sürmür, sadəcə olaraq, öz dədə-baba yurdlarına qayıtmaq istəyirlər. Bu, istənilən insanın ən təbii haqlarından biridir.

İkincisi, Azərbaycan hökumətindən soydaşlarımızın tarixi yurdlarına qayıtması məsələsində kömək istənilir.

“İcma Azərbaycan Respublikası hökumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına görə təşəkkür edir, Vətənindən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə bundan sonra da köməklik göstərməyi xahiş edir”, - müraciətdə bildirilir. 

Bununla Azərbaycan hökuməti bundan sonra Qərbi Azərbaycan İcmasının tələblərini beynəlxalq müstəvidə gündəmə gətirə biləcək. Çünki bunu insanlar istəyir.

Üçüncüsü, qayıdış məsələsini artıq beynəlxalq müstəviyə çıxarılmış hesab etmək olar.

Müraciətdə deyilir: “İcma Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyi xahiş edir”.

Beləliklə, İcma öz tələb və istəklərini beynəlxalq təşkilatlara ünvanlandı və Azərbaycan hökumətindən etdikləri xahiş rəsmi Bakıya məsələnin beynəlxalq gündəmdə saxlanılması istiqamətində işləmək hüququnu verir. Beynəlxalq təşkilatlara ünvanlanan müraciət qayıdış prosesində atılan ən mühüm addımlardandır.

Kimlər üçünsə bu, utopik görünə bilər, hərçənd, son bir ayda baş verənlər qayıdış məsələsində proseslərin bəyanatlar mərhələsindən praktiki addımlar mərhələsinə keçdiyini göstərir. Eyni zamanda, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər soydaşlarımızın öz istəklərinə nail olacağı gözləntisini daha da artırdı. Dövlət başçısı bəyanat etdi ki, “...bizim bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik”. 

Buna Qərbi Azərbaycan icması da, Azərbaycan xalqı da, dünyanın dörd bir tərəfində yaşayan, özünü azərbaycanlı sayan milyonlarla soydaşımız da ürəkdən inanır.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top