Ermənistan Rusiyaya qarşı — Süni gərginliyin səbəbi nədir?

GÜNDƏM 09 yan 2023, 22:54
"Ermənistan dövlətinin işğalçılıq siyasətinə əsaslanan rəsmi fəaliyyətinin nəticəsi olaraq Azərbaycan və Ermənistan arasında kifayət qədər gərgin münasibətlər mövcuddur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. Politoloq qeyd edib ki, çox təəssüf ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıyla bağlı razılaşmalar olsa da, Ermənistan münasibətlərin  tənzimlənməsi və bölgəyə davamlı sülhün gəlməsi üçün zəruri addımlar atmır:


"Bununla da, Türkiyə, İsrail, Pakistan və digər dövlətlərlə heç də mehriban olmayan münasibətlərini qoruyub saxlanması Ermənistan üçün nələrə başa gəldiyini, hansı zərərlər verdiyini  görmək istəmirlər. Bu azmış kimi Ermənistanın mövcud elitası, siyasi komandası Ermənistanın açıq şəkildə Qərb mövqeyini genişləndirməklə, şimal qonşumuz Rusiya ilə münasibətləri daha da gərginləşdirmək xəttini tutub. Hesab edirəm ki, bu hələ 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinin nəticəsi olaraq, beynəlxalq səviyyədə qəbul edilən "Soros uşaqları" kimi Paşinyan və onun komandasının Qərbin böyük maliyyə və diplomatik dəstəyi nəticəsində hakimiyyətə gəlməsindən sonra daha geniş şəkil alıb. Məhz Soros və onun kimi siyasi komanda Ermənistanı Rusiyanın təsiri altından uzaqlaşdıraraq, qərbyönümlü bir dövlətə çevirməyi planlaşdırırlar. Ən böyük dəstək kimi Qərb dövlətlərindən, xüsusən ABŞ və Fransadan Azərbaycan torpaqlarının Ermənistanın işğalında qorunub saxlanılmasına dəstək alacağı vədi ilə bu davranışlarını davam etdirmək istəyirdilər. Məhz 44 günlük müharibə ilə Azərbaycan bu planların, xəyalların üzərindən xətt çəkmiş oldu.  Azərbaycanın ağıllı siyasətinin nəticəsi olaraq bir çox regional oyunçular Rusiya ilə proseslərə müəyyən mənada bitərəflik nümayiş etdirdi. Açıq şəkildə Ermənistanın gözlədiyi, arzuladığı addımlar atmadı. Açıq şəkildə Ermənistana dəstək verilmədi, bununla da Ermənistan bir növ özünü tək qalmış kimi təqdim etməyə başladı. Ən böyük dəstəkçiləri  olan Fransa da  bəyanat səviyyəsindən irəli gedə bilmədi".

 Politoloq əlavə edib ki, Azərbaycanı öz haqq mübarizəsindən çəkindirmək, döndərmək istiqamətində heç bir təzyiq real nəticələr doğurmadı:


"Qısa müddət ərzində Azərbaycan öz torpaqlarını işğal faktını aradan qaldırmış oldu. Bundan sonra mövcud hakimiyyət Ermənistan daxilində antirusiya meyillərini daha da genişləndirmək və bunun üzərindən Ermənistanın qərbyönümlü bir dövlətə çevirmək istiqamətində çox ciddi real gedişlər etməyə başladı. Buna müqavimət göstərən Rusiya və onun Ermənistandakı əlaltıları dəfələrlə müxtəlif xalq etirazlarını formalaşdırmaq, eyni zamanda hərbi çevrilişlərə cəhd etməklə mövcud hakimiyyəti devirmək və rəsmi qərbyönümlü siyasətin istiqamətini dəyişməyə çalışdılar. Amma Qərbin  Ermənistanda kifayət qədər təsir imkanlarının, eyni zamanda keçmiş rusiyayönlü prezidentlərin Ermənistan xalqına vurduğu zərərlərin nəticəsi olaraq xalq Rusiya və rusiyayönümlü qüvvələrin arxasıyca getmədi. Bundan arxayın olan Paşinyan və onun komandası bu gün də eyni siyasəti davam etdirir və nəticə etibarilə demək olar ki, Rusiya ilə bütün körpülər yandırılmış görünə bilər. Hesab edirəm ki, bu reallıqda tam belə deyil. Çünki Ermənistan və ermənilər hər zaman  bir neçə başlı siyasətə üz tuturlar və birmənalı mövqe ortaya qoymamağa çalışırlar".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top