Sumqayıtda gecəyarısı qonşular arasında dava düşdü — TƏFƏRRÜAT

HADİSƏ 09 yan 2023, 10:52
Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Hümmət şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qonşusu Familə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 14-də, gecə saat 03.30-da baş verib. Hümmət yaşadığı yataqxananın üçüncü mərtəbəsinin dəhlizində aralarında yaranmış mübahisə zamanı qonşusu Familin sağ göz nahiyyəsindən yumruqla bir zərbə vurub.

İstintaq orqanı tərəfindən Hümmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hümmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yaşadığı mənzil 5 mərtəbəli yataqxananın üçüncü mərtəbəsində yerləşir: “Həmin yataqxanada yaşayış evləri ayrı-ayrı olsa da, hamam, tualet və mətbəx ümumi istifadə üçündür. Zərərçəkmiş Famil mənimlə eyni mərtəbədə yaşayır. Familin evi yataqxananın hamam, tualet və mətbəxinin yaxınlığında yerləşir. Öz evim isə Familin evindən təxminən 10 metr aralıda yerləşir. Famil də həmin evdə ailəsi ilə birlikdə yaşayır. Famil ilə qonşu olsaq da, aramızda münasibət yoxdur”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 14-də, saat 03 radələrində susadığına görə evdən çıxıb və yataqxana sakinlərinin ümumi istifadəsində olan mətbəxə keçib: “Məqsədim orada çay qaynadıb içmək olub. Mətbəxdə çay qaynatdığım zaman saat 03.30-da Famil mətbəxə gələrək mənə “Hümmət gecə vaxtı nə edirsən burda” dedi.  Familə çay qaynadıb içəcəyimi dedim. Famil nalayiq ifadə ilə məni təhqir edərək gecə vaxtı niyə görə mətbəxə keçdiyimi dedi. Mən də mətbəxin ümumi istifadədə olduğunu və yataqxana sakinlərinin hamısının mətbəxdən istifadə eləmək hüququnun olmasını dedim. Bu zaman Famil üstümə cumaraq yumruq atdı. Lakin əlimi tutaraq yumruqla məni vurmasına imkan vermədim. Onun atdığı yumruğu mənə dəymədi. Familə gecə vaxtı olduğuna görə yataqxana sakinləri narahatlıq keçirib oyanmaması üçün həyətə çıxmağı, mübahisəmizi çöldə davam etdirməyi bildirdim. Bundan sonra Famil ilə birlikdə dəhliz ilə gedirdik ki, mübahisəmiz həyətdə davam eləyək. Yataqxananın dəhlizindən çıxıb pilləkəndə olan zaman yumruqla Familin sağ göz nahiyyəsindən bir zərbə vurdum. Zərbənin təsirindən Famil pilləkəndən yapışdığına görə yerə yıxılmadım. Amma məni nalayiq ifadə ilə təhqir eləməyə davam elədi. Evim pilləkənin yaxınlığında olduğundan həmin vaxtı evimizdə qonaq olan qardaşım Rüfət yanımıza gəldi. Bizi sakitləşdirdi. Famili vurmağımı heç kim görməyib”.

Zərərçəkmiş Famil qeyd edib ki, Hümmət spirtli içkilərə meyillidir, aralarında yaxın münasibət olmayıb: “İyunun 14-də ailə üzvlərim ilə birlikdə yaşadığım evdə yatdığım zaman saat 03 radələrində hamamda su səsi gəldiyini eşitdim. Kiminsə suyu vedrəyə doldurub yerə boşaltmasının səsi gəldi. Əvvəlcə kiminsə paltar yumasını zənn etsəm də, sonradan təxminən 20-30 vedrəyə yaxın suyun doldurulub yenidən boşaldıldığını eşitdim. Ona görə də maraqlanmaq üçün paltarlarımı geyinib dəhlizə çıxdım ki, suyu kimin doldurub boşaltmasını öyrənim. Hamama keçən zaman Hümmətin sərxoş vəziyyətdə olduğunu və heç bir səbəb olmadan suyu vedrəyə doldurub yerə boşaltdığını gördüm. Hümmətə sakit şəkildə “qardaş gecə saat dördə işləyir, niyə görə suyu səbəbsiz yerə doldurub boşaltmaqla insanları narahat edirsən” deyə soruşdum. Həmin vaxtı Hümmət ilə aramızda mübahisə yarandı və bir-birimizin yaxasından tutduq. Bir neçə saniyə ərzində bir-birimizin yaxasından tutduqdan sonra Hümmət mənə buraxaraq çölə çıxıb söhbətimizi bayırda davam elətdirməyi bildirdi. Hümmətlə söhbətə aydınlıq gətirmək üçün onun yaxasından buraxdım, dəhliz ilə pilləkənə tərəf gedərək aşağı düşmək istədim. Dəhlizdən çıxıb pilləkənə çatan zaman arxa tərəfdən Hümmət qəfildən sağ göz nahiyyəmdən yumruqla zərbə vurdu. Zərbənin təsirindən özümü güclə saxlayaraq əlim ilə pilləkənin sürahisindən yapışaraq müvazinətimi itirmədim. Hümmət məni vurduqdan dərhal sonra qaçaraq evlərinə girdi. Bir neçə saniyə ərzində özümə gəldikdən sonra Hümmətin yaşadığı evə gedərək onu bayıra çağırdım. Lakin Hümmət həmin vaxtı bayıra çıxmadı. Hümmətin həmin vaxt onlara Masallı rayonundan qonaq gələn adını bilmədiyim qardaşı bayıra çıxdı. Hümmətin qardaşına Hümməti bayıra çağırmasını desəm də, Hümmətin qardaşı yalvararaq Hümmətdən şikayət eləməməyimi bildirdi. Hümmətin bayıra çıxaraq məndən üzr istəyəcəyi halda ondan şikayət etməyəcəyimi bildirdim. Lakin Hümmət bayıra çıxmadı. Ona görə də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Hümmət tərəfindən döyülməyim barədə məlumat verdim. Səhər açıldıqdan sonra Sumqayıt şəhər Polis İdarəsinin 3-ü polis bölməsinə gedərək Hümmətin məni vuraraq döyməsi ilə bağlı yazılı ərizə ilə müraciət etdim”. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Hümmətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top