Azərbaycanda türmə dostları arasında qanlı dava — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 30 dek 2022, 10:06
Bərdə rayonunda 1996-cı il təvəllüdlü Orxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Zaura xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 7-də baş verib. Orxan Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən Cümə məscidinin yaxınlığında tanışı Orxana geri qaytarması şərti ilə müvəqqəti olaraq verdiyi, özünə məxsus “Redmi” markalı mobil telefonu qaytarmadığına görə mübahisə edib. Mübahisə zamanı Orxan özündə olan bıçaqla Zaurun çiyin nahiyəsinə bir dəfə vurub. 

İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 234.1-ci (satış məqsədilə olmadan narkotik vasitə əldə etmə) maddələri ilə məhkum olunub: “Hadisədən 3 ay əvvəl azadlığa çıxmışam. Zauru təxminən 4-5 il əvvəl Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlama yerində inzibati qaydada həbsdə olan zaman tanımışam. Əvvəllər Zaur ilə aramda heç bir düşmənçilik və ya ədavət olmayıb”. 

Oxranın sözlərinə görə, baş vermiş hadisədən təxminən 2-3 həftə əvvəl Zaur istifadə etməsi məqsədilə “powerbank” adlandırdıqları cihazı ona verib: “Hadisədən təxminən 2-3 gün əvvəl isə borcu olduğunu və 1 saatlıq girov qoymaqla pul götürmək üçün mobil telefonumu verməyimi istədi. Buna görə də özümə məxsus olan “Redmi” markalı mobil telefonu həmin məqsədlə Zaura verdim. Əvəzində heç bir şey almadım. Zaurun mobil telefomu 1 saatlıq istəməsinə baxmayaraq, 2-3 gün ərzində telefonu qaytarmadı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 7-də, axşam saatlarında mobil telefonunu geri almaq məqsədilə istifadəsində olan mobil nömrəsindən Zaura zəng edib və harada olduğunu soruşub: “Bu zaman Zaur Bərdə şəhəri ərazisində olduğunu dedi. Daha sonra Zaura mobil telefonumu geri almaq məqsədilə görüşmək istədiyimi bildirdim. Təxminən 5-10 dəqiqə sonra Bərdə şəhər poçt filialının qarşısında görüşdük və birlikdə piyada İ.Qayıbov küçəsində yerləşən məscidə doğru addımlamağa başladıq. Həmin vaxt Zaurdan mobil telefonumu qaytarmasını istədim. Zaur mobil telefonu pul götürmək üçün girov qoyduğunu bildirdi. Elə bu zaman aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Zaur ünvanıma nalayiq ifadələr və təhqirlər işlətdiyindən əsəbiləşdim. Ətrafa göz gəzdirdim, yaxınlıqdakı qaz borusunun üzərində bıçaq olduğunu gördüm. Zaur nalayiq ifadələr işlətməyi davam etdirərək üzərimə gəldiyindən özümü müdafiə etmək üçün bıçağı borunun üzərindən götürdüm və bir dəfə Zaurun sol tərəfindən zərbə vurdum”.
Oxran bildirib ki, bundan sonra qaçaraq hadisə yerindən uzaqlaşıb və 1 saylı tam orta məktəbin qarşısına gəlib: “Məktəbin qarşısına çatanda özüm ilə götürdüyüm, hadisənin törədilməsində istifadə etdiyim bıçağı səkinin kənarına tulladım. Ardınca Bərdə şəhərində “Ayaq körpüsü” deyilən yerin yaxınlığındakı çayxanalardan birinə getdim. Hadisə barəsində heç kimə məlumat vermədən günün qalan hissəsini və gecəni Bərdə şəhəri ərazisində keçirdim”. 

Orxan qeyd edib ki, mayın 8-də Bərdə şəhərində “Taxta-şalban bazarı” deyilən yerdə qalan tanışı Arzumanın yaşadığı evə gedib: “Zaura bıçaqla xəsarət yetirməsi barədə nə Arzumana, nə də digər hər hansı şəxsə heç nə danışmayıb. Təxminən yarım saat həmin evdə vaxt keçirdikdən sonra evdən çıxdım, tanımadığım taksi avtomobilinə əyləşərək Zümürxan kəndi istiqamətində hərəkət etdim. Bu zaman tanımadığım polis əməkdaşları avtomobilin hərəkətini saxlayaraq məni baş vermiş hadisə ilə əlaqədar Bərdə rayon polis şöbəsinə apardılar”. 

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zaur bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır: “2017-ci ildə Xətai rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda zitan vurmaqla dələduzluq) maddələri ilə məhkum olunuşam. 2021-ci ilin noyabrında Milli Məclisi tərəfindən qəbul edilmiş amnistiya qərarı ilə azad edildim”. 

Zaur qeyd edib ki, təqsirləndirilən şəxs təxminən 5-6 il əvvəl Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlama yerində inzibati qaydada həbsdə olan zaman tanıyıb: “Həmin vaxtdan aramızda tanışlıq münasibətləri hökm sürdü. Əvvəllər Orxan ilə aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. Bir neçə dəfə aramızda “pul söhbəti” olub. Orxan mənə olan pul borcunu qaytarmayıb. Mən isə həmin borcu geri tələb etməmişəm. Hadisədən təxminən 5-10 gün əvvəl “powerbank” və portmanatımı istifadə etməsi üçün Orxana verdim. Orxan qarşılığında özünə məxsus smartfon model mobil telefonu mənə verərək satmağımı istədi. Telefonu satacağım halda ona 25 manat pul verəcəyimi bildirdim”. 

Zaur bildirib ki, mayın 6-da ə mobil telefon vasitəsilə Orxana zəng edib və “powerbank”ını geri istəyib, eyni zamanda portmanatın və əvvəllər verdiyi pul borclarının ehtiyac olmadığını, sadəcə 25 manat pul verməsini, əvəzində mobil telefonunu özünə qaytaracağını söyləyib: “Həmin gün Bərdə şəhərində yerləşən “Ayaq körpüsü” deyilən yerin yaxınlığında Orxanı gözləsəm də, Orxan gəlmədi. Mayın 7-də Orxanın qardaşı Hünər mobil telefon vasitəsilə mənə zəng etdi  və dedi ki, ortada mən varam, pulu mən sənə verəcəm. Bu zaman Hünərdən pulu gətirərək özümə verməsini istədim. Həmin gün axşam saatlarında Orxan mənimlə əlaqə saxlayaraq görüşmək istədiyini bildirdi. Təxminən 5-10 dəqiqə sonra Bərdə şəhər poçt filialının qarşısında görüşdük, birlikdə piyada İ.Qayıbov küçəsində yerləşən məscidə doğru addımlamağa başladıq. Həmin vaxt Orxan məndən mobil telefonunu qaytarmağımı istədi. Mən Hünərlə danışdığımı, telefonu Hünərə qaytaracağımı dedim,  “powerbank”ı verməsini tələb etdim. Orxan təkidlə məndən mobil telefonunu istədiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Orxan qəflətən bıçaqla bir dəfə sol çiyin nahiyəmdən zərbə endirdi. Lakin Orxanın bıçağı haradan əldə etdiyini və əlamətlərini görə bilmədim. Orxan məni bıçaqladıqdan sonra yolu keçib oradan uzaqlaşdı. Özüm isə tanımadığım taksi avtomobilinə əyləşərək Bərdə rayon Mərkəzi Xəstəxanasına getdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Orxan 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top