"Fransa senatının üzdəniraq deputatları erməni lobbisinin nökərləridir"

GÜNDƏM 29 dek 2022, 20:40
"Fransa Senatı ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqeyini bir daha nümayiş etdirdi. Fransanın «Le Monde» qəzetində ölkə senatının 11 deputatın prezident Emmanuel Makronun ünvanına açıq məktubu dərc edilib. Fransız deputatlar Makrona çağırış edərək bildiriblər ki, Fransa Aİ və ABŞ-dan Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb etməli, BMT sülhməramlılarının Azərbaycana göndərilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmalı, Qarabağ iqtisadi rayonuna hərbi müdaxilə edilməli, hərbi əməliyyatlara başlanılmalı, Xankəndi yaxınlığında işğalçıların tikdiyi hava limanı işə salınmalı və Qarabağ səması Azərbaycan üçün bağlanmalıdır deyə, sərsəm fikirlər səsləndiriblər.  Dekabırın 28-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub. Görüş zamanı Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyaların genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib. Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğu diqqətə çatdırıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat qeyd edib ki, bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir:

"Fransanın bu mövqeyi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir, regionda sülh quruculuğu səylərinə zərər verir. Rəsmi Parisin son iki ildə regiona və eləcə də, Qarabağa yersiz müdaxilə cəhdləri artıb. Fransa Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirərək, ölkəmiz əleyhinə absurd iddialar səsləndirir. 30 il ərzində torpaqları işğal edilən ölkə, hərbi təcavüzdə ittiham edilir. Halbuki, bütün hüquq normalarını, 10 noyabr bəyannaməsinin bütün şərtlərini məhz Ermənistan pozub. Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan ərazilərimizə minaların basdırılmasını davam etdirir və xəritələri vermir. Ölkəmizə qarşı baş verən hadisələr fonunda Fransa senatının üzdəniraq deputatlarının müraciəti, onların erməni lobbisinin nökərləri olmalarının göstəricisidir. Bununla da, tarixə qovuşmuş Minsk Qrupunun həmsədri kimi Fransa keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmadığını, özünün əsl ermənipərəst mövqeyini açıq şəkildə və həyasızcasına nümayiş etdirir".
Deputat əlavə edib ki,  Azərbaycanın xoş niyyəti və icazəsi ilə sülh danışıqlarının müəyyən mərhələsinə buraxılmış Fransa etibarsız tərəfdaşlıq və ikiüzlü riyakarlıq nümunəsidir:

"Bu ölkənin indiki qəbuledilməz davranışı, düşmən mövqeyi, onu qərəzsiz, ədalətli və neytral hesab edən bütün ölkələrə bir mesaj və ibrət olmalıdır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top