Sumqayıtda kişi anasına cavab qaytaran arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 29 dek 2022, 10:02
Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Yaşar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Qənirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Yaşarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, həyat yoldaşı Qənirə ilə daha əvvəl də aralarında mübahisələr olub: “Sonuncu dəfə hadisə baş verən günü, saat 18.30-da həyətdə olan zaman dəhlizdən Qənirənin səsini eşitdim. Evə qalxan zaman həyat yoldaşımın dəhlizdə uca səslə anam Səidə ilə mübahisə etdiyini gördüm. Qənirəni evə saldım və aramızda mübahisə baş verdi. Qənirə mənimlə kobud rəftar etdiyi üçün əsəbləşdim. Onun başına şillə ilə iki dəfə vurdum. Lakin onu yerə yıxıb təpiklə vurmamışam”. 

Cinayət işi üzrə zərərçəkmiş Qənirənin sözlərinə görə, hadisə baş verən günü, saat 18.00-da qaynanası işdən evə gəlib: “Evin qapısını döyəndə övladımın paltarını geyindirdiyim üçün qapını bir neçə dəqiqə gec açdım. Qapını açan kimi qaynanam üstümə qışqırdı və mənimlə sözlü mübahisə yaratdı. Uşaqlarını götürüb həyətə düşmək istədikdə dəhlizdə həyat yoldaşım məni gördü və geri evə qaytardı. Sonra məni yataq otağına apardı, orada başıma yumruqla vurdu. Daha sonra təpiklə yerə yıxdı və başıma təpiklə vurdu”. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsinm ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Yaşarın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top