Gənc oğlan yüngül həyat tərzi keçirən sevgilisinə xəsarət yetirdi – TƏFƏRRÜAT

KRİMİNAL 28 dek 2022, 14:23
Abşeron rayonunda 1988-ci il təvəllüdlü Kamran şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qeyri-rəsmi yaşadığı Kəmaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Kamranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Kəmalə ilə 2017-ci ildə tanış olub: “Kəmalə ilə 1 il 2 ay müddətində qeyri-rəsmi ər-arvad münasiblərində yaşamışıq. Sonradan ayrılsaq da, tanış kimi münasibətlərimiz davam edib. Kəmalə ilə münasibətlərimiz pis olmayıb. Həmin ərəfələr də Kəmalənin maddi ehtiyaclarını ödəmək üçün kömək edirdim. Bu səbəbdən bəzi fikirlərim ilə Kəmalənin razılaşmasını tələb edirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Kəmalənin yüngül həyat tərzi keçirməsinin əleyhinə olub: “Kəmaləni bacardığım qədər bu yoldan çəkindirməyə çalışmışam. Hadisə baş verən günü, saat 22 radələrində Kəmalənin yaşadığı evə getdim. Həmin vaxt Kəmalənin evində tanımadığım bir nəfər qadın olub. Son zamanlar Kəmalənin haqqında qulağıma bəzi xoşagəlməz sözlər çatdığı üçün ona öz iradımı bildirdim. Kəmalə isə ünvanıma nalayiq ifadələr işlətdi. Kəmalənin sözündən əsəbiləşdim, üz və baş nahiyyəsinə iki dəfə zərbə endirdim. Kəmalə ünvanıma yenidən təhqiredici ifadələr işlətməyə davam etdiyinə görə, mobil telefonumun aksesuarı ilə onun qol nahiyyələrinə bir neçə dəfə zərbələr endirdim. Bundan sonra evi tərk etdim. Nə Kəmalə, nə də yanındakı qadın mənə hər hansı şəkildə xəsarət yetirməmişəm”.

Cinayət işi üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, 2002-ci ildə ailə həyatı qurub, iki övladı var: “Ərimdən boşanmasam da, ayrı yaşayıram.

Təqsirləndirilən Kamran ilə 2017-ci ildə tanış olmuşam. Kamran 1 il 2 ay müddətində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışam. Sonradan ayrılsaq da, tanış kimi münasibətlərimiz davam edib. Kamran ilə ayrılmağıma səbəb onun məni qısqanması olub. Əvvəllər Kamran ilə aramızda münsibətləri yaxşı olsa da, son zamanlar ayrılmağımız Kamranda narahatlıqlar yaratdı. Məni qısqanmağa davam etdi”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə baş verən günü, saat 22 radələrində rəfiqəsi Səbinə ilə evdə olan zaman Kamran onun yaşadığı evə gəlib: “Mənim mənzilimdə özünə məxsus mobil telefonun enerji qidalandırcısının qaldığını bildirdi. Mən də Kamrana qonaq otağında dolaba baxmasını dedim. Kamran dolaba baxan zaman yenidən qısqanclıq etdi və mənimlə mübahisə etməyə başladı. Mübahisə zəminində ünvanımma nalayiq ifadələr işlətdi. Yumruqla bir dəfə baş nahiyyəmə, sonra isə üz nahiyyəmə zərbə endirdi. Mobil telefon aksesuarı ilə hər iki qollarıma bir neçə dəfə zərbələr endirdi. Məni döyəndən sonra getdi. Mən də əl-üzümü hamam otağında yuyandan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”. 

Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayəti yoxdur. 

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Kamrannın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top