Azərbaycanlı qazi İsrailə səfəri zamanı parlament spikeri və hökumət üzvləri ilə görüşdü — FOTO

DİASPOR 26 dek 2022, 10:48
44 günlük Vətən müharibəsi zamanı yaralanan, israilli həkim Yişay Falik tərəfindən mürəkkəb göz əməliyyatı olunaraq, görmə qabiliyyəti bərpa edilən qazi Arif Hacıyev İsrailə səfər edib.

Səfər çərçivəsində o, həkim Yişay Falik, göz donoru olan şəxsin ailəsi, İsrail hökumətinin üzvləri, Knessetin spikeri, bir sıra şəhərlərin merləri görüşüb.

Səfər Azərbaycan-ABŞ Mədəniyyət Fondunun prezidenti Nurit Qringer, “Double Trouble Production” şirkətinin baş direktoru Eti El-Kiss tərəfindən təşkil olunub. Səfərin reallaşmasına həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, AZAL, İsrailin Azərbaycandakı səfiri Corc Dik və ABŞ-dəki müxtəlif yəhudi təşkilatları dəstək göstəriblər.

Cərrah Yişay Falik Arif Hacıyevlə görüşüb və gözünü müayinə edib. O, Qarabağ müharibəsi veteranlarına göstərdikləri qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Yişay Falik Azərbaycanın yüzlərlə yaralı əsgərinin müalicəsində və sağalmasında “YASAT” Fondunun mühüm rolunu da qeyd edib.

Arif Hacıyev səfər çərçivəsində Herziliya şəhərinin meri Moşe Fadlonla da görüşüb. Ona şəhərin simvolik açarı təqdim edilib. İsrail parlamenti - Knessetdə azərbaycanlı qazinin nazir Yoav Qalant, Knessetin spikeri Yariv Levin və Knesset üzvü Boaz Bismutla görüşləri təşkil olunub.

Azərbaycan-ABŞ Mədəniyyət Fondunun prezidenti Nurit Qringer qeyd edib ki, Arif Hacıyevin İsrailə səfərinin təşkili onların ilk təşəbbüsüdür və bundan sonra da fərqli layihələrin icrasını davam etdirəcəklər:

“Mən Ariflə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanda olarkən tanış olmuşam, onun cəsarətli siması hələ də yadımdadır. Bundan sonra İsrailə səfər ideyası yarandı. Bizim başqa maraqlı ideyalarımız var və onları 2023-cü ildə həyata keçirib ABŞ media bazarında yayımlamağı planlaşdırırıq”.

Jurnalist və Azərbaycan-ABŞ Mədəniyyət Fondunun prezidenti Nurit Qringer və “Double Trouble Production”ın baş direktoru Eti El-Kiss Arif Hacıyev haqqında hazırladıqları filmi 2023-cü ilin aprelində bitirməyi planlaşdırırlar. Qeyd edək ki, Azərbaycan-ABŞ Mədəniyyət Fondu (www.us-az-culturalfoundation.com) 2022-ci ildə ABŞ-də yaradılıb və onun məqsədi Azərbaycanla ABŞ arasında mədəniyyət, media sahəsində əməkdaşlıq əlaqələrini qurmaqdır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top