Azərbaycan insanı özünün kiçiklik kompleksindən qurtulmalıdır

SOSİAL 25 dek 2022, 23:31
Bu gün Azərbaycan dünyada ən böyük nailiyyətləri əldə edərək, dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq edib. Təbii ki, dünyaya inteqrasiya olunduğumuz zaman da Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə heyrət doğura bilib. Bu dəyərlərin əsasında isə ilk növbədə xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Qloballaşan dünyada milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılamasına xüsusi diqqət yetirilir. 

Azərbaycanın dövlətçilik tarixinin çox qədim olduğunu vurğulayan Milli Məclisin deputatı Tahir Rzayev bildirir ki, bu tarix özünün möhtəşəmliyi, əzəməti ilə daim seçilib.  Millət vəkili qeyd edib ki, bütün bunlar da Azərbaycan xalqında həmişə qürur hissi doğurur:

“Biz 20-ci əsr Azərbaycan tarixinə nəzər salsaq, dövlətçilik uğrunda mübarizə aparanları hörmətlə xatırlayır və onların xatirəsi önündə daimi öz ehtiramımızı bildiririk. Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları, eləcə də XX əsrin ortalarında başlayaraq Azərbaycan dövlətinin inkişafı bilavasitə ulu öndərimiz Heydər Əliyevin adıyla, onun əməlləri ilə sıx bağlıdır. 1960-cı illərin sonlarından başlayaraq əsrin sonlarınadək Azərbaycan Respublikasının tanıdılması, onun bir dövlət kimi, respublika kimi şöhrətlənməsi ulu öndərimizin adıyla sıx bağlıdır. Sonrakı dövrdə də biz dövlətçiliyimizin tarixinə ikinci dəfə müstəqiliyimizi bərpa edəndən sonra nəzər salsaq görərik ki, bu dövlətçiliyin möhkəmləndirilməsində, onun tanıdılmasında və bugünə gəlib çıxmasında ümummilli liderin böyük xidmətləri olmuşdur. 

Əgər biz son 20 ilin nəticələrini göz önünə gətirsək və keçdiyimiz yola nəzər salsaq, bu yolda bizim hörmətli prezidentimiz İlham Əliyevin Azərbaycan dövlətçiliyinin tanıdılmasında, müstəqiliyimizin qorunmasında çox böyük işlər gördüyünün, əzəmətli planlar həyata keçirdiyinin şahidi olarıq. Əlbəttə ki, Azərbaycan dövlətçiliyi möhkəm olmalıdır, Azərbaycan müstəqil olmalıdır. Lakin çox təəssüflər olsun ki, uzun illər bu müstəqilliyə qarşı, dövlətçiliyə qarşı xain dövlətlər tərəfindən bir çox təxribatlar həyata keçirilmiş və son 30 ildə bizim torpaqlarımız erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur. Bu illərdə xalqımız öz dövlətçiliyinin, öz torpaqlarının möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda inamla mübarizə aparmışdır. Lakin iki il bundan əvvəl 2020-ci il noyabr ayının 10-da artıq dövlətin sərhədlərinin bütövləşməsi, torpaqların azad olunması uğrunda qətiyyətli mübarizədə Azərbaycan prezidenti, bizim şanlı ordumuz, qəhrəman oğullarımız və Azərbaycan xalqı öz sözünü dedi və torpaqlarımız işğaldan azad olundu”. 

Millət vəkili əlavə edib ki, dövlətçiliyin möhkəmləndirilməsi, onun tanıdılması hər bir Azərbaycan vətəndaşının müqəddəs arzusu və borcudur:

“Dövlətin tanıdılmasında, dövlətçiliyinin möhkəmlənməsində bir sıra mühüm amillər, şərtlər var. Bunu hər bir vətəndaş bilməli və yerinə yetirilməlidir. Bu da ilk növbədə bizim milli adət-ənənələrimiz, tariximiz, keçdiyimiz şanlı yoldur. Sözsüz ki, bu milli dəyərləri yaşatmaq, onu qorumaq hər birimizdən bu sahədə mühüm təbliğat aparmağı tələb edir. 

Bu gün Azərbaycan muğamı dünyada şöhrətlənib, həmçinin “Xarı bülbül” festivalının keçirilməsi Azərbaycanı dünyada tanıdır. Habelə, bu gün bizim milli dəyərlərimiz, mətbəximiz, musiqimiz, ədəbiyyatımız, incəsənətimiz sayəsində fədakarlıq göstərən hər bir insanı biz ehtiramla anırıq. Çünki bu insanlar elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə töhfə veriblər. Onlar bilavasitə Azərbaycan dövlətçiliyinin tanıdılmasında və möhkəmləndirilməsində xidmət ediblər”.

Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sahəsində çox böyük işlər görülür:

“Azərbaycan Respublikasının prezidenti bütün çxışlarında daimi xatırladır ki, biz öz dilimizi, dinimizi, tariximizi mükəmməl bilməliyik və onu təbliğ etməliyik. Əlbəttə ki, dilimzin böyüklüyü sayəsində həyata keçirilən tədbirlər çox əhəmiyyətlidir. Tariximizin öyrədilməsi sahəsində bir sıra kəşflərin edilməsi sahəsində Azərbaycan alimləri öz sözlərini deyirlər. Bu gün Azərbaycan mədəniyyəti dünyada tanınır. Eləcə də, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğ olunmasında Heydər Əliyv Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri çox böyükdür. Bu gün biz dünyada öz mədəniyyətimizlə musiqimizlə yeni yollar açırıq və Azərbaycanı dünya xalqlarına tanıtdırırıq. Cənab İlham Əliyev getdiyi hər bir xarici ölkədə Azərbaycan tarixinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan xalqının tarixi və ulu olduğunu öz çıxışlarında daimi xatırladır və insanlara bu dəyərlərin yaşadılması üçün mühüm tapşırıqlarını verir. Əlbəttə ki, tarix mədəniyyət, sənət daimi inkişafdadır. Dilimiz də inkişafdadır. Bunun təbliğ olunması, təşviqi daimi olaraq hər birimizi düşündürməlidir. Biz sözsüz ki, bu sahədə mübarizəmizi daha da gücləndirməliyik”.

Türkoloq-alim Faiq Ələkbərli hesab edir ki, indiki dövrdə Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrimizin təbliği olduqca vacibdir. Alim vurğulayıb ki, yeni nəslin məhz çağdaş dövrün şərtləri altında dövlətçilik tarixini dərindən mənimsəməsi lazımdır:

“Hesab edirəm ki, dövlətçilik tariximizin öyrənilməsinə lap erkən yaşlardan başlanılması vacibdir. Yəni, ən azından Manna, Midiya, Albaniya, Atropatena, Səlcuqlar dönəmi, eyni zamanda Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar dövlətinin bu və digər anlamda Azərbaycan xalqına, Azərbaycan türklərinə bağlılığını çatdırmaq lazımdır. Söhbət ancaq dövlətçilik ənənələrini öyrənmək, eyni zamanda onun böyük sərkərdərlərini və ya tanınmış mütəffəkirlərini, şairlərini  öyrənmək demək deyil. Biz məsələyə kompleks şəkildə yanaşmalıyıq. Onları tariximizlə, mədəniyyətimizlə, dövlətçiliyimizlə və bu günümüzlə uzlaşdırmalıyıq. Bu məsələləri nə dərəcədə uzlaşdırırıqsa, gələcəyə də o dərəcədə baxırıq. İndiki nəsil bilməlidir ki, Azərbaycan coğrafiyası, dövlətçiliyi, tarixi mədəniyyəti dedikdə, o ancaq kiçik dövrlə bağlı deyil. Yaxud da, kiçik bir əraziylə, mədəniyyətlə bağlı deyil. Bunun böyük bir keçmişi, mədəniyyət və tarixi izləri vardır. Yəni, Azərbaycan insanı özünün kiçiklik kompleksindən qurtulmalıdır. Mədəniyyətimizdə, fəlsəfəmizdə, dövlətçiliyimizdə, tariximizdə yeni yanaşma olmalıdır. Artıq biz sovet dövrünün, çar dövrünün, irançılıq idelogiyasından, həmçinin digər antitürk, antiazərbaycan ideologiyasından  birdəfəlik qurtulmalıyıq. Azərbaycan dedikdə ən azından Dərbənddən Kəngər körfəzinə, Bakıdan Türkiyəyə qədər uzanacaq böyük bir coğrafiyadan gedir. Biz bunları yeni nəsillərə çatdırmalıyıq”. 

Türkoloq-alim bu sahədə mühüm işlərin görülməsinin vacib olduğunu diqqətə çatdırıb:

“Hesab edirəm ki, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, fəlsəfəsi yenidən işlənməlidir. Ümumillikdə, biz sovet dövründə, İran adlanan ölkənin yazdığı tarixi fəlsəfəni, mədəniyyəti bir kənara qoymalıyıq. Biz öz tariximizi özümüz yazmalıyıq! Biz milli şüurda, Azərbaycan türklüyünü ruhunda yazmalıyıq. Bu, çox önəmlidir.Əgər hər şey birinci sinifdən başlayırsa, o zaman biz birinci sinif dərsliklərində bütöv Azərbaycanı göstərməyi bacarmalıyıq. Bu bütöv Azərbaycanı 1918-ci ildən başlamalı deyilik! Biz bütöv Azərbaycanın ən azı  5 minillik tarixini ortaya qoymalıyıq. Necə ki, vaxtilə bunun Azərbaycanın güneyindən olan böyük insanlarımız ortaya qoyub, ya quzeydən olsun. Yəni, biz bu böyük bir keçmişimizə, mədəniyyətimizə sahib olduğumuza birinci sinifdən başlamalıyıq. Şagirdlər ilk növbədə bilməlidirlər ki, onlar ancaq Azərbaycan Respublikasından ibarət bir ölkənin vətəndaşı deyil. Onun vətəni həm Dərbənddir, həm Borçalıdır, həm Təbrizdir, həm Zəncandır və digər ərazilərimizdir. Onlar bilməlidirlər ki, Nadir şah Əfşar, Uzun Həsən, Qara Əhməd, Səlcuqlu hökmdarları  və s. onlar hansı dərəcədə böyüklüyü özlərində daşıyırlar. Artıq biz yeni nəslə milli şüuru, bütövlüyümüzü özündə əks etdirən tarix, mədəniyyət,  fəlsəsəfəni ortaya qoymalıyıq. Eyni zamanda, bununla bağlı indiki dövrün şərtləri altında seriallar, filmlər geniş aspektdə çəkilməlidir. Yəni biz yenidən bu sahədə böyük işlər görməliyik. Yenidən Dədə Qorqud dövrünün, Tomris dövrünün, Manna- Midiya dönəmində aid olan işlər görməliyik. Hazırda Atabəylərlə bağlı bir serial ortaya qoyulmağa çalışılır və bunu yüksək dəyərləndirirəm. Bütöv Azərbaycan dövlətinin, Azərbaycan fəlsəfəsini, mədəniyyətini ortaya qoyulacaq seriallara çox ciddi ehtiyac vardır. Əlbəttə tamaşalar, dram əsərləri də ərsəyə gəlməlidir. Artıq insanlarımız hansısa irançılıq, amerikançılıq, rusçuluq deyil, ancaq bütöv Azərbaycançılıq, Azərbaycan türkçülüyü əsasında məhz bunları görsün”.

F.Ələkbərli bu sahədə bir sıra çatışmamazlıqlarının olduğunu vurğulayıb:

“Bu sahədə bir çox matışmamazlıqlarımız var. Bizim əsasən yad ideologiyalardan qurtulmağımız lazımdır. Ən böyük çatışmazlığımız odur ki, beynimizə yeridilmiş, şüurlarımızı zəhərləmiş ideyalardan artıq birdəfəlik əl çəkməliyuk. Bizim milli şüurda müəyyən çatışmazlıqlar var. Biz Azərbaycanı bu kiçik bir coğrafiya ilə deyil, yəni onun böyüklüyünü bilməliyik. Bu olduqca önəmli bir məsələdir. Eyni zamanda, dövlətçilik məsələsinə yanaşmada da çatışmazlıq var. Bizim şüurumuza bunu da yanlış yeridiblər. Biz dövlətlərimiz ancaq İran əraziləri adı altında təqdim olunur. Bu, belə deyil. İndiki dövlətlərin bir çoxu Azərbaycan əraziləri olmuşdur. Bundan başqa,hesab edirəm ki, gənclərə tarix düzgün aşılanmalıdır. Məsələn Səlcuqlara, Ağqoyunlulara, Qaraqoyunlura, Səfəvilərə, Əfşarlara və onların hökmdarlarını işğalçı kimi qələmə vermək doğru deyil. Bu məsələdən də qurtulmaq lazımdır. Gənclərimizə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği düzgün şəkildə həyata keçirilməlidir. Hər bir gənc Azərbaycanın daha qüdrətli bir dövlət olduğunu anlamalıdır”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top