“AZAL-da dünyanın heç bir yerində olmayan əcaib hallar baş verir” — AÇIQLAMA

SOSİAL 23 dek 2022, 15:50
Xəbər verdiyimiz kimi, dünən AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib. Bu barədə şirkətin sosial şəbəkə hesablarında və rəsmi saytında məlumat paylaşılıb. Məlumatda martın 26-dan oktyabrın 29-dək olacaq uçuşların hava yollarının aşağı büdcəli olacağı bildirilib. Lakin istifadəçilər saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd olunan saatdan bir neçə dəqiqə əvvəl saytın onlayn satış bölməsinin işləməməsindən şikayətləniblər. Bu barədə vətəndaşlar AZAL-ın "İnstagram” və "Facebook” səhifələrində deyilənlərin doğru olmadığını, AZAL-ın insanları aldatdığını yazıblar.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, AZAL ilə bağlı onlara hər zaman şikayətlər gəlir:

"AZAL dünyanın az şirkətlərindən biridir ki, burada əgər desən ki, biletimi qaytar, qaytarmayacaqlar. Bizə hər zaman belə şikayətlər gəlir, hətta xarici ölkə vətəndaşlarından da biz bununla bağlı şikayətlər alırıq. Bundan da dəhşətlisi "Buta” şirkətidir ki, hətta təyarrənin içərisində ər-arvad ayrı-ayrı yerlərdə oturarsa, gərək 10 avro verəsən ki, yan-yana otura biləsən. Qohum-qohumun yanında oturmaq üçün pul ödəməlidir. Yəni "AZAL-da dünyanın heç bir yerində olmayan əcaib hallar baş verir. Bütün bunlar Azərbaycanda turizmin inkişafına ciddi zərər gətirir və ciddi zərbə vurur.

E.Hüseynov deyir ki, dünən baş verən hadisədə istehlakçı hüquqları kobud şəkildə pozulub:

"Mən turizmi xoşlayan bir insanam, lakin AZAL-ın son pandemiya dövrü, ondan sonrakı siyasətindən tam narazıyam. Ona görə də heç bir yerə gedə bilmirəm. Sanki Azərbaycan vətəndaşlarının bu yollarla xarici ölkələrə getməyi məhdudlaşdırılır. Onu da qeyd edim ki, Azərbaycanda turizm həddindən artıq bahadır. Hətta Türkiyədən də neçə dəfə bahadır. Sanki insanları məcbur edirlər ki, heç yerə tərpənməsinlər, öz turizmimizdən istifadə etsinlər. Lakin insanlar da bundan bir müddət sonra bezəcəklər. Biletlərin çıxarılıb-satılması məsələsinə gəlincə, bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bunun da kökündə duran səbəb istehlakçı siyasətinin olmaması, istehlakçı hüquqlarını qoruyan dövlət qurumunun susması, lal, kar olmasıdır. Bizdə istehlakçı hüquqlarının müdafiəsi haqda qanun 1995-ci ildə qəbul olunub, onun dəyişməyə çox ehtiyacı var”.

Qeyd edək ki, eyni buna bənzər hal Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA)-nın Yasamal Yaşayış Kompleksində keçirdiyi güzəştli mənzil satışının həyata keçirilmə zamanı baş vermişdi. Həmin vaxt istifadəçilər qurumun onlayn sisteminə vaxtında qoşulsalar da, çox qısa müddətdən- 6-7 saniyədən sonra satışa çıxarılan "442 mənzilin hamısının satıldığının" şahidi olmuşdular.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top