Komitə sədri: “Azərbaycan Belçikadan korrupsiya ekspertizası keçirməyi tələb etməlidir”

XARİCİ SİYASƏT 23 dek 2022, 13:30
“9 dekabrda Belçika polisi tərəfindən Avropa Parlamentinin vitse-prezidenti Eva Kaylini 4 ortağı ilə 1,5 milyon avro nağd pulla birlikdə həbs edilməsi haqqında dünya və ölkə mediası ətraflı məlumat verib. Lakin Avropa siyasi institutlarındakı son hadisə korrupsiya sxeminin yalnız görünən hissəsidir”.

Demokrat.az
-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Avropa parlamentindəki son qalmaqalı “Daily Telegraph” qəzeti Avropa Birliyinin varlığına zərbə adlandırıb.

“Onillərdir dövlətimizi ləkələməyə çalışan və “qara siyahı”lara salanların siyasi riyakarlarlığı inkaredilməz dəlillərlə ortadadır. Ölkəmizi kürü diplomatiyasında ittiham edənlər özləri Xəzəri udmağa hazırdırlar.

Ötən ilin noyabrında “Ermənistana qarşı təcavüz” adlı qətnamənin müəllifləri indi həbsə atılıblar. Təkcə Avropa Parlamentində deyil, AŞPA-ya üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik sistemində böyük erməni şəbəkəsi fəaliyyət göstərir. Müxtəlif təşkilatlar arxasında gizlənərək, “Landromat”, “Panama”, “Peqasus” kimi hibrid müharibə müəllifləri indi Pandora qutusundan çirkli pullarla birgə çıxıblar”, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Avropa Parlamentində siyasi korrupsiya şəbəkəsinin digər rəhbəri Rafael Qluksmandır.

“Fevralın 8-də Avroparlamentin İnsan Hüquqları üzrə Alt Komitəsi “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Avropa İttifaqının siyasətinə müdaxiləsi”nə dair, martın 11-də “Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul etdi.

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində və qlobal enerji böhranı fonunda Azərbaycanın geosiyasi əhəmiyyətinin artdığını görən qüvvələr, “hərbi əsirlər videosu”nu gündəmdə saxlayaraq Cozep Borreldən qaz müqaviləsini dayandırmağı tələb etdilər.

Oktyabrın 11-də AŞPA Komitəsində “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına təhdidlər”, daha sonra ingiltərəli deputat Hanna Bardelli Azərbaycan üzrə məruzəçi, 14 oktyabrda ATƏT PA-nın payız sessiyasında “Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar” və “Avropa Şurasına üzv dövlətlərdə LGBT paradların və digər tədbirlərin keçirilməsi ilə bağlı qadağalar”a dair dinləmələr təşkil edilir.

Avropa Şurası Monitorinq komitəsi Azərbaycan üzrə Liz Kristofersonu yeni həmməruzəçi təyin edir. Nəhayət, may ayının 2-də, Azərbaycanda jurnalist, bloqer və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı qətnamə 38 avrodeputatın imzasına əsasən 3-5 nəfərlik boş zalda səsə qoyulur. Bu, Avroparlamentin 705 üzvünün mövqeyi kimi təqdim edilir. Beləliklə, Xocavənddə qızıl-mis oliqarxlarının Avropaya uzanan əlləri torpaq uğrunda mübarizə deyil, mənfəət davasıdır. Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir”, - deyə Zahid Oruc bildirib.

O qeyd edib ki, həmin şəxslər sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər.

“Dünya erməniçiliyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ ofşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisinə ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekspertizasının keçirilməsini tələb etməlidir”, - deyə deputat fikrini yekunlaşdırıb.//Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top