Prokuror sabiq məmurun qızı və qayınanasını öldürənə cəza istədi

KRİMİNAL 16 dek 2022, 11:18
Bakının Yasamal rayonunda 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və onun 1989-cu il təvəllüdlü nəvəsi Aygün Əzizovanı qətlə yetirməkdə ittiham olunan Fərid Məmmədli və Anar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

Fərid Məmmədlinin 15 il və Anar Ağalarovun isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Növbəti proses dekabrın 23-də davam edəcək.

İttihama görə, 18 il əvvəl Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və 1989-cu il təvəllüdlü nəvəsi Aygün Əzizova birgə yaşadıqları mənzildə öldürülüblər.

Anar Ağalarov mərhum xalası oğlu Teymur Məmmədov və onun qardaşı Fərid Məmmədli ilə Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə gəliblər. Rəhilə Cəlilova və Aygün Əzizovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları öldürüblər.

Daha sonra isə onlar mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürərək ələ keçiriblər.

İstintaq orqanı tərəfindən Fərid Məmmədli və Anar Ağalarovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.

Teymur Məmmədli isə ötən müddətdə öldüyünə görə istintaqa cəlb edilməyib.

Qeyd edək ki, qətlə yetirilən A.Əzizova hadisə baş verərkən Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Asif Əzizovun qızı, R.Cəlilova isə onun qayınanasıdır.

Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabad icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb, daha sonra birinci müavin vəzifəsinə irəli çəkilib. 2015-ci ildə A.Əzizov öz ərizəsi ilə vəzifədən azad edilib.

O, vəzifədən azad ediləndən sonra biznes fəaliyyəti ilə məşğul olur.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top