"Pragma" İctimai Birliyinin Bəyanatı

SOSİAL 12 dek 2022, 13:11
Dekabrın 9- da Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda yerləşən və hələ də işğalçı Ermənistanın şirkətləri tərəfəndən qanunsuz şəkildə istismar olunan faydalı qazıntı mədənlərində rəsmi Bakının göndərdiyi nümayəndələrin monitorinq aparmasına ərazilərimizdə müvvəqqəti yerləşmiş Rusiya Sülhməramlı Kontingenti tərəfindən maneçilik törədilib. Rusiya Sülhməramlı Kontingenti Azərbaycan Respublikasının ərazisində olduğunu unutmuş kimi hərəkət edərək mütəxəssislərin fəaliyyətinə imkan verməmək üçün erməni mənşəli təxribatçı qrupların yardımından istifadə edib. Bununla bağlı Azərbaycan Xarici işlər nazirliyi Rusiyaya nota təqdim edib və bu gün ekoloji yönümlü bir sıra QHT-lər Şuşa-Laçın yolunda aksiya keçirib.

Bütün bunları nəzərə alaraq "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi

BƏYAN EDİR:

1) Azərbaycan Respublikasının hazırda Rusiya Sülhməramlı Kontingentinin məsuliyyət zonasında yerləşən bütün faydalı qazıntı yataqlarında rəsmi Bakı tərəfindən monitorinq aparılması, dövlətə vurulan ziyanın hesablanması və törədilən ekoloji fəlakətin qiymətləndirilməsi təmin olunmalıdır.

2) Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz sahibkarlıqla, o cümlədən faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə məşğul olan bütün şirkətlər və onların rəhbərləri haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2018-ci ildə başlanmış cinayət işi sürətləndirilməli, sərəvətlərimizi talan edənlər beynəlxalq axtarışa verilməli və həbs olunaraq ədalət məhkəməsinə çıxarılmalıdırlar.

3) "Pragma" İB Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Rusiyaya təqdim etdiyi notanı tamamilə dəstəkləyərək bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin komandanlığını Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, Konstitusiyasına və həmçinin Üçtərəfli Bəyanata hörmətlə yanaşmağı qətiyyətlə tələb edir.

4) "Pragma" İB bu gün Şuşa-Laçın yolunda aksiya keçirən Azərbaycan QHT-lərinin bütün tələbləri ilə həmrəydir;

5) "Pragma" İB Azərbaycan Respublikasının hökumətini Ermənistan və Xankəndidəki cinayətkar rejim tərəfindən təbii sərvətlərimizin talanmasını dayandırmaq, törədilən ekoloji qətliama son vermək, faydalı qazıntıların ölkəmizdən çıxarılmasına mane olmaq, Laçın yolunda Nəzarət-Buraxılış Məntəqəsi quraşdırmaq, Qarabağ iqtisadi rayonunda terrora və çirkli pulların yuyulmasına qarşı effektiv mübarizə aparmaq üçün qətiyyətli tədbirlər görməyə çağırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top