Media savadlılığı çaşdırıcı məlumatlarla mübarizə aparılmasında vacib rol oynayır

MEDİA 09 dek 2022, 13:42
Media savadlılığı cəmiyyətin dayanıqlı inkişafını gecikdirən yalan və çaşdırıcı məlumatlarla mübarizə aparılmasında vacib rol oynayır. Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media savadlılığı” konfransında deyib.

Əhməd İsmayılov bildirib ki, qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi demək olar bütün ölkələri əhatə etməkdədir: "Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar".

O qeyd edib ki, hazırda elektron informasiya cəmiyyətinin əhatə dairəsinin sürətlə genişlənməsi, rəqəmsal reallıq şəraitində məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını səmərəli yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir. “Ölkəmizdə media savadlılığının artırılması, media kontentinin dəyərləndirilməsi ilə bağlı geniş və davamlı xarakter daşıyan maarifləndirmə işlərinin aparılması prioritet məsələlər sırasındadır. Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və sair kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir”, - deyə MEDİA-nın rəhbəri bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top