Sumqayıtda 21 yaşlı oğlan dostuna xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 05 dek 2022, 12:04
Sumqayıt şəhərində 1996-cı il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində tanışı Vidadiyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində baş verib. Məmməd həmin ərazidə kənar şəxslərin olmadığı yerdə şəxsi münasibətlərin pozulması zəmnində baş verən mübahisə zamanı Vidadinin sifət nahiyəsinə bir dəfə yumruqla, sağ ayağının baldır nahiyəsinə təpiklə vuraraq ona bədən xəsarəti yetirib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vidadi ilə bir neçə ildir tanışdılar və bu müddət ərzində yaxın yoldaşlıqları olub: “2022-ci ilin aprel ayının ortalarında pula ehtiyacım olduğuna görə, Vidadi ilə zəngləşərək görüşdüm. Aramızda olan söhbət zamanı ondan 20 manat borc pul istədim. Həmin vaxt Vidadi mənə 20 manat pulunun olmadığını, üzərində cəmi 13 manat pul olduğunu bildirdi. Vidadidən həmin məbləği borca istəyərək bir həftə ərzində qaytaracağıma söz verdim. Bu zaman Vidado mənimlə razılaşdı və üzərində olan 13 manatı mənə borca verdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan bir həftə keçdikdən sonra Vidadi ona zəng edib və pula ehtiyacı olduğuna görə verdiyi 13 manatı qaytarmağı bildirib: “Bundan sonra biz Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində görüşdük. Aramızda olan söhbət əsnasında Vidadi məndən pulunu istədi. Pulumun olmadığını, borcumu qısa müddət ərzində qaytaracağıma söz verdim. Həmin gündən 2-3 gün keçdikdən sonra Vidadi yenidən zəng etdi, pulunu istədi. Lakin Vidadiyə pulumun olmadığını, yaxın zamanlarda qaytaracağımı bildirdim. Həmin söhbətdən bir neçə gün keçdikdən sonra Vidadi yenidən zəng etməyə başladı. Lakin pulum olmadığına görə telefon zənginə cavab vermədim. Sonra isə telefonu açdım və Vidadi 13 manat pulu təcili qaytarmağımı tələb etdi. Telefonda aramızda sözlə mübahisə yarandı. Biz danışaraq görüşmək qərarına gəldik”. 

Məmməd qeyd edib ki, hadisə günü təxminən saat 15.30-da Vidadi ilə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində görüşüb: “Həmin görüş zamanı aramızda olan söhbət əsnasında Vidadi onu niyə aldatmağımı, bir həftəlik borca pul istəməyimi, lakin sözümü tutmamağımı, bu hərəkətin kişiyə yaraşan hərəkət olmamasını dedi. Sonra pulunu istədi. Həmin vaxt Vidadinin sözləri xoşuma gəlmədi. Əsəbləşərək Vidadinin üstünə getdim. Yumruq ilə onun sifət nahiyəsinə vurdum və zərbənin təsirindən o yerə yıxıldı. Sonra Vidadi yerdə olduğu zaman təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, ayağına vuraraq onun ünvanına nalayiq söyüş söydüm. Bu zaman Vidadi qışqırmağa başladı. Səsə ətrafdan kiminsə gəlməsindən qorxaraq oradan uzaqlaşdım”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top