Siyavuş Novruzov Naxçıvan hadisələri barədə: “Onlar erməniyə işləyir”

GÜNDƏM 03 dek 2022, 21:22
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin sonuncu plenar iclasında çıxışı zamanı müzakirəyə səbəb olan “Naxçıvan barəsində erməninin öyrətdiyi adamlar fikir söyləyirlər” ifadəsinə aydınlıq gətirib. 

S.Novruzov Pravda.az-a açıqlamasında dediklərinə bəzi əsaslar gətirib.

“Plenar iclasdakı çıxışımda qeyd etdim ki, Naxçıvan həssas bölgədir. Bilirsiniz ki, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizin hər bir guşəsində iqtisadi, sosial, siyasi sahədə geniş islahatlar aparılır. İşğaldan azad olunmuş, həm digər ərazilərimizdə iqtisadi zonalar yaradılır, sosial problemlərin həlli üçün sosial islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycan Respublikasının bütün ərazilərinə, o cümlədən Naxçıvana şamil edilir. Naxçıvanda da cənab Prezident öz səlahiyyətləri çərçivəsində islahatlar aparır. Bu, cənab Prezidentin konstitusion, müstəsna səlahiyyətidir. Yeni strukturlar yaradılır, məqsədəuyğun olmayan strukturlar ləğv edilir. Ümumiyyətlə, ölkədə hər hansı nazirliyin, komitənin və digər qurumların yaradılması və ya ləğvi Prezidentin səlahiyyətində olan məsələdir. Naxçıvanda da bəzi strukturların baş idarələrə keçirilməsi ilə bağlı qərarlar qəbul edildi. Ölkədə korrupsiyaya qarşı ciddi şəkildə mübarizə həyata keçirilir. Neçə ildir ki, bu proseslər başlayıb. Həm vətəndaşların müraciətləri əsasında, həm də Hesablama Palatası və büdcəyə nəzarət orqanlarının apardıqları yoxlamalar nəticəsində addımlar atılır. Ortaya çıxan hər hansı yeyinti, mənimsəmə barəsində dərhal həbs qətimkan tədbirləri seçilir, şəxslər istintaqa cəlb olunur, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bununla məşğul olur. Dövlət Təhlükəsizliyi Xidməti bu prosesləri çox ciddi, fəal şəkildə həyata keçirir, daxil olan siqnallara əsasən araşdırmalar aparır, korrupsiya ilə məşğul olan şəxslər yerindəcə məsuliyyətə cəlb olunurlar. Bu, olmalıdır, dövlətin əsas, vacib amillərindən biridir. Əfsuslar olsun ki, bu məsələdən siyasi oyun, intiqam almaq məqsədilə, yaxud başqa formalarda istifadə edən insanlar ortaya düşüb. Hansı ki, Naxçıvanda baş verənlərə bu insaların heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, ara qızışdırırlar. Həm düşmənlərimizin, həm xaricdə oturub, Azərbaycanı təhqir edən, xalqımızın, ölkəmizin rəhbər vəzifəli şəxsləri haqqında təhqiramiz ifadələr işlədən şəxslərin əlinə fürsət verirlər, onlara şərait yaradırlar ki, bu məsələdən istifadə etsinlər. Mənim də məqsədim bunu çatdırmaqdır ki, Naxçıvan Ermənistanla ən uzun sərhəddir. Digər tərəfdən İran var. Elə bu yaxınlarda Araz çayının kənarında İran güc nümayiş etdirdi, eyni zamanda Zəngəzur dəhlizinin açılmasının, Naxçıvanla Azərbaycanın birləşməsinin əleyhinə gecə-gündüz çıxış edir. Belə bir həssas məqamda aparılan islahatlara başqa siyasi don geyindirməyin nə mənası var?”, - deputat bildirib. 

S.Novruzov “Naxçıvan barəsində fikir bildirənlər arasında bəzi deputatlar da var. Ona görə də “erməninin öyrətdiyi adamlar” ifadəniz birmənalı qarşılanmır” sualına isə belə cavab verib: “Təbii ki, Naxçıvanda həyata keçirilən islahatları öz siyasi məqsədləri üçün istifadə edən adam erməniyə işləyir, erməni ilə eynidir. Erməni də eyni məqsəddən istidafadə edir, həmin adamlar da...”
Deputat politoloq Vaqif Hüseynin Müsavat TV-nin efirində “Siyavuş Novruzovun deputat seçilməsində Vasif Talıbovun rolu var, Talıbov getsə, bu, Novruzov və onun ətrafına da təsir edəcək” deməsinə belə münasibət bildirib: “Birincisi, mən elə adam tanımıram. Politoloqdur, kimdir, birinci dəfədir ki, eşidirəm. Ona görə dediklərinə əhəmiyyət vermirəm...”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top