“Yeni Mətbuat Şurası sədrinə məlumat vermişəm, amma qulaq asan yoxdur” — Əhməd Qəşəmoğlu

SOSİAL 02 dek 2022, 23:51
“20 ildir ki, bununla bağlı danışıram, amma mənə qulaq asan yoxdur. Bizim televiziya və informasiya siyasəti ilə bağlı bir konsepsiyamız, platformamız olmalıdır. Azərbaycanda bu barədə ciddi fikir irəli sürən yoxdur”. 

Bu fikirləri Demokrat​​.az-a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu deyib. Sosioloq qeyd edib ki, insanların davranışının formalaşmasında informasiya çox mühüm rol oynayır:

“Bu gün informasiya sahəsini ötürmüşük başlı-başına, yəni o barədə ciddi elmi təhlil, müzakirələr yoxdur. Neçə ki, bizdə informasiya siyasəti formalaşmayıb, televizyalarla bağlı aydın platformamız yoxdur, o zaman televiziyalarda bu cür qalmaqallar davam edəcək. Mən bu barədə yeni seçilmiş Mətbuat Şurası sədri də məlumat vermişəm. Bildirmişəm ki, görüşək və hazırladığım platformanı təklif etmişəm. Amma bir qulaq asan yoxdur mənə. Müstəqil dövlət qurmuşuqsa, televiziyalarımız əsas diqqəti, fikri əhalinin tərəqqisinə kömək edən bilən xüsusiyyətlərin təbliğinə, onunla bağlı geniş məlumatların olmasına fikir verməlidir. Bu gün televiziyalarda lazımi səviyyədə jurnalistlər olmadığına görə, televiziyanın vacib olan siyasəti olmadığına görə, kimin kefi nə gəldi onu da göstərir. Bəzən mən televiziya rəhbərləri ilə də söhbət edəndə deyirəm ki, axı, belə televiziya verilişi olmaz! Deyirlər ki, o çox reytinq yığır. Nolsun ki, çox reytinq yığır?! Bəlkə sabah mən elə əhali üçün çox ziyan bir şey təbliğ edəcəm, elə şey olmur, axı? Narkotik satışı böyük reytinq yığa bilər, gərək təbliğ edək? Ümumiyyətlə, belə qalmaqalla verilişlərin özü də mənəviyyat üçün narkotika rolunu oynayır. Belə proqramlara da baxan çox olur. Əgər bu gün bizim xalq, əhali belə səviyyəsiz verilişlərə daha çox baxırsa, deməli, indi bizim mədəniyyətimizlə bağlı ciddi problemlər yaranıb. Televiziyanın əsas işi xalqı mənəviyyatla, sosial məsələlərlə bağlı problemlərin ortadan götürülməsi üçün maarifləndirməkdir”. 

Ekspert qeyd edib ki, bu gün televiziyalar əsas funksiyasını yaddan çıxararaq, reytinq dalınca qaçırlar:

“Təbii ki, belə olanda bu cür xoşagəlməz vəziyyət yaranır. Kimi ekspertin üstünə qışqırır, kimi bir-birini söyür, təhqir edir. Yəni, bu cür vəziyyətin davam etməsi yolverilməzdir! Tezliklə bizim informasiya siyasətimiz, birbaşa televiziya ilə bağlı platformamız yaranmalıdır. Neçə ki bu olmayacaq, elə belə də  xoşagəlməz məsələlər olacaq. Bu, olduqca ziyanlı bir məsələdir. İndiki vaxtda ölkədə ən mühüm problemlər yeni nəslin mənəviyyat məsələləridir. Çünki 44 günlük müharibədən sonra düşmən çalışır ki, mənəviyyatımızla, mədəniyyətimizlə, sağlamlığımızla bağlı bizə ziyanlar vursun. Bizdə bu şeylərə bu qədər lazımi diqqət vermiriksə, çox səhv edirik! O xalq mədəni xalq sayılır ki, öz davranışı ilə daha mədənidir. Ona görə biz çalışmalıyıq ki, ictimai yerlərdə, televiziyalarda davranışla bağlı ciddi mövqeyimiz olsun. Televiziyada indi bir-birinə su atırlar, aparıcılar bəzən elə hərəkətlər edirlər, elə oyunlardan çıxırlar ki, adam təəccüb edir. Aparıcılar çağırdıqları qonaqlarla bir yerdə televiziyada namünasib hərəkətlər edirlər. Yəni, kimin kefi nətəri istəyir, elə də edə bilər. Dediyim kimi, arzuolunmayan bir haldır! Və o demək deyil ki, biz televiziyaya nəzarəti artıranda demokratiya ziyan gələcək. Demokratiya o demək deyil ki, kimin kefi nə istəyir edir! Demokratiyada əsas məqsəd ölkənin, xalqın tərəqqisidir. Xalqın tərəqqisənə mane olan, xalqın imicinə nüfuzuna xələl gətirən, xalqın mənəviyyatına ziyan verən istənilən bir hərəkət yolverilməzdir! Demokratiyanı aydın şəkildə başa düşənlər üçün bu aydındır!”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top