Qarabağda təbii sərvətlərimiz talanır — VİDEO

SİYASƏT 01 dek 2022, 16:59
Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə erməni biznesmenlər və iş adamları qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirməkdə davam edirlər. Üstəlik, bütün bunlar Rusiya hərbçilərinin gözü qarşısında, hətta onların birbaşa iştirakı ilə baş verir. 

“Caliber.az” saytı bununla bağlı sensasiyalı məlumatlar əldə edib. 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibədən sonra imzaladığı Üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının ölkəmizin Qarabağ bölgəsinin müəyyən hissəsinə müvəqqəti yerləşdirilməsinə baxmayaraq, rəsmi Bakı orada da baş verən hadisələr haqqında müfəssəl məlumata malikdir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bildirib ki, regionda müasir texniki vasitələrə, o cümlədən peyklərə malik olmaqla insanların və nəqliyyat vasitələrinin hərəkətini izləmək, hətta bu avtomobillərin nömrələrini görmək imkanına malikdir. Təbii ki, bizim bu ərazilərdə qanunsuz fəaliyyətləri qeydə almaq imkanımız da var və bunlar əsassız iddialar deyil. Hərbi dairələrə yaxın mənbələrdən verilən informasiyaya görə, daxil olan videomüşahidə materiallarına əsasən noyabrın 10-dan 14-dək saat 21:00-dan 23:00-a qədər olan vaxt intervalında 8 ədəd “KamAz” markalı avtomobil 731-AB-61 ER erməni qeydiyyat nömrəli “Nissan Patrol” markalı avtomobilin müşayiəti ilə hər gün Xankəndidən Ermənistana səfər həyata keçirib. Noyabrın 16-18-də isə səhər saatlarında eyni avtomobillərin Ermənistandan Xankəndiyə Laçın yolu ilə hərəkəti qeyd edilib. Maşınlar gecə vaxtı şəhəri tərk ediblər. Əməliyyat məlumatlarına görə, Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyataq kəndi yaxınlığında, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal həmin “KamAz” markalı yük maşınlarında xaricə çıxarılır. Daşıma İsveçrədə yerləşən “Vallex Group” QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də hazırkı dövrdə sülhməramlıların nəzarəti altında qalan Ağdərədə qiymətli metalların talanması ilə məşğul olan “Base Metals” şirkəti tərəfindən həyata keçirilir. Bunu hələ 2016-cı ildə ölkəmizin Xarici İşlər Nazirliyi “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabatında qeyd edib. Şirkətin Xankəndidə ofisi də var. “Vallex Group”un rəhbəri Ermənistan Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Valeri Mejlumyandır. Maliyyə investoru isə İsveçrə vətəndaşı, 1956-cı il təvəllüdlü, Cenevrə kantonunun Koloniya bələdiyyəsindəki ünvanda qeydiyyatda olan Vartan Sirmakesdir. “Base Metals”ın icraçı direktoru Artur Mkrtumyandır. Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsi, inanılmaz gəlirlər gətirməsi, özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın diqqətindən yayına bilməzdi.

Bəzi məlumatlara görə, o, artıq Gülyataq kəndi yaxınlığındakı mədənə nəzarəti bərpa edib və “Base Metals” sahiblərindən “xərac”ını alır. Sülhməramlıların gözü qarşısında fəaliyyət göstərən bu şirkət öz təhlükəsizliyindən də qorxmur. Çünki Qarabağdakı sülhməramlıların komandiri general Volkov onlardan qidalanır və çətin ki, rusiyalı general onun üçün “qızıl yumurtlayan qaz”ın başını qoparsın.

Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axır. Ermənistandakı vəsaitin bir hissəsi rusiyayönlü anti-Paşinyan müxalifətinin maliyyələşdirilməsinə, digər hissəsi isə Rusiya üçün sanksiya mallarının alınmasına yönəldilib. Beləliklə, Volkov-Vardanyan kriminal sindikatı bölgədə fəaliyyətini və Vətənimizin təbii sərvətlərini talamaqda davam edir, Laçın yolu isə hərbi cinayətkarlar və talançılar üçün keçid meydançası kimi xidmət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top