NATO-nun baş katibindən İrana XƏBƏRDARLIQ

DÜNYA 29 noy 2022, 18:20
“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qışdan silah kimi istifadə etməyə çalışır”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Buxarestdə Rumıniya Prezidenti Klaus İohannislə birgə mətbuat konfransında deyib.

Stoltenberqin sözlərinə görə, Putin rus qoşunlarının Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirəcəyini gözləyir.

“Onun qışa hazırlaşdığı bir vaxtda bunu etməsi faktı göstərir ki, Putin hazırda qışdan Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışır”, - o izah edib.

“Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik. Bu, gücün köməyi ilə məqsədlərə nail olmağın mümkünlüyünə işarə olar”, - deyə NATO-nun baş katibi xəbərdarlıq edib.
O qeyd edib ki, təcavüzkar bu müharibədə qalib gələrsə, davamlı sülh mümkün olmayacaq:

“Biz bilirik ki, əksər müharibələr danışıqlar masası arxasında bitir. Amma danışıqlar masası arxasında baş verənlər birbaşa döyüş meydanında baş verənlərlə bağlıdır. Ona görə də davamlı sülhə şərait yaratmaq üçün Ukraynanın suveren müstəqil dövlət kimi qalib gəldiyinə əmin olmalıyıq. Biz Ukraynaya hərbi dəstək verməyə davam etməliyik. Ona görə də Buxarestdən mesajımız budur: NATO lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək. Biz geri çəkilməyəcəyik”.

Stoltenberq İrana və digər ölkələrə xəbərdarlıq edib ki, Ukraynaya qarşı apardığı aqressiv müharibədə Rusiyaya yardım etməməlidirlər.
NATO-nun baş katibi əlavə edib ki, Rusiyanın mülki əhəmiyyətli infrastruktur obyektlərinə raket zərbələrini davam etdirməsi ehtimalı var, çünki “Putin əsaslı şəkildə məğlub olur”.

“Rusiya döyüş meydanında uduzur. Döyüş meydanında qalib gəlmək iqtidarında olmadıqları üçün şəhərlərə və mülki hədəflərə hücum edirlər. Ona görə də daha çox hücum gözləmək olar. Dəqiq nə qədər olduğunu deyə bilmərik, lakin Prezident Putin və Rusiya Avropada İkinci Dünya müharibəsindən bəri görmədiyimiz vəhşiliyi törətməyə hazır olduqlarını nümayiş etdirirlər”

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top