“Deyirdi ki, dinin əsas qaydalarından biri zəkat verməkdir” — “12-ci İmam Mehdi”nin işində zərərçəkmiş

KRİMİNAL 29 noy 2022, 17:44
Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Azər İslamov ifadə verib. 

O, bildirib ki, Aqil Babayevi 2003-cü ildən qohumunun vasitəsilə tanış olub. Qeyd edib ki, özü hərbiçi olub və  Aqil Bbaayevi 19 il əvvəl əmisi oğlu Fuad vasitəsilə tanıyıb: “Mənə özünü İmam Mehdi kimi təqdim edirdi. O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyirdi. Axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu deyirdi. Hər zaman deyirdi ki, dinin əsas qaydalarından biri zəkat verməkdir”. 

Zərərçəkmiş bildirib ki, 2007-2012-ci illərdə zakat verməyə başlayıb: “Aqil Babayev deyirdi ki bu pullar imkanı məhdud və şəhid ailələrinə yardım edilməsi üçün yığılır. Bir müddət maddi sıxıntım oldu, verə bilmədim. Lakin 2017-2021-ci illər arası yenidən zəkat verməyə başladım”. 

Azər İslamov qeyd edib ki, ümumilikdə, 7 min 200 manat zəkat verib. 

Təqsirləndirilən Aqil Babayev bu epizod üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Azər İslamovu özünə sürücü vəzifəsinə götürüb və müəyyən maddi yardımlar edib. 

Növbəti proses dekabrın 13-də davam edəcək. 

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top