AQTA restoranı məhkəməyə verdi, səhv çıxdı

SOSİAL 25 noy 2022, 18:51
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı Regional Bölməsinin paytaxtda məşhur restoranların birində keçirdiyi yoxlama ilə bağlı məhkəməyə müraciətinin əsassız olduğu müəyyənləşib.

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, AQTA-nın Bakı Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izaharında bildirib ki, restoran tərəfindən İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilib, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır.

Məhkəmə isə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edib ki, AQTA-nın restoran barəsində tərtib olunmuş protokolu əsassızdır. AQTA yoxlamadan əvvəl bildiriş göndərilməli olduğu təqdirdə, restoran sahibinə belə bir bildiriş ünvanlanmayıb.

Məhkəməyə təqdim edilən video görüntüdən də müəyyən edilib ki, sahibkar yoxlayıcı orqanın nümayəndələrini yoxlamanın keçiriləcəyi əraziyə buraxıb və onların sahibkarlıq obyektinə daxil olmasına maneə yaratmayıb. Odur ki, hazırki material üzrə sahibkar tərəfindən yoxlamanın həyata keçirilməsinə maneə törədilməsi faktı mövcud deyildir.

Məhkəmə AQTA tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top