“İranın parçalanması üçün illərdir silahın tətiyində gözləyənlər heç bu fürsəti qaçırarlar?” — TƏHLİL

SİYASƏT 25 noy 2022, 14:22
“İnsanların hüquq və azadlıqlarını görməzdən gələn molla rejiminə qarşı etiraz aksiyaları hələ də davam edir. Hökumət insanlara qarşı ən sərt və amansız cəza metodlarını tətbiq edir. Bu il İranda 400-dən çox insan edam edilib, 85 uşaq ölüm hökmünə məhkum olunub. Bu məsələ BMT-nin İnsan Hüquqları Şurasının xüsusi iclasında da müzakirə mövzusu oldu. Aksiyalar əvvəl nizamsız idisə, indi daha yaxşı təşkilatlanmış, mütəşəkkil hal alır. Görünür, insanlar rejimin devrilməsində qətiyyətlidirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq əlavə edib ki, İrandakı rejim insanları repressiv mühitdə yaşamağa məhkum edir.

“Bütün ölkəni bürüyən aksiyalar kütləvi iğtişaşlara səbəb olur ki, maraqlı xarici qüvvələr daxildən də işlərini görürlər. Şübhəsiz ki, bütün bunlar müasir dövrdə insanları orta əsr təfəkkürü ilə idarə etməyin, hegemon iddialara söykənən siyasət yürütməyin nəticəsidir. Molla rejimi insanları repressiv mühitdə yaşamağa məcbur və məhkum edir. Mövcud rejim din pərdəsi altında insanları azad yaşamaq hüquqlarından məhrum edir”. 

Güney azərbaycanlılara, soydaşlarımıza gəldikdə isə politoloq əlavə edib ki, onların cəmiyyətin müxtəlif sferalarında iştirak etmək, yazıb-yaratmaq hüquqları əllərindən alınır, öz dillərində təhsil almaq hüquqlarından məhrumdurlar. 


“Bu, belə davam edə bilməz. Bu məqamda Azərbaycanla bağlı məsələyə toxunarkən açığı, düşünmürəm ki, İran Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyindən əl çəksin. Sadəcə olaraq, İrana qarşı olan güclü koalisiya mövcud vəziyyətdə daha işlək mexanizmə dönüşür. İran bundan qorxduğu üçün müəyyən yumşaldıcı fikirlər səsləndirir, çünki bu indiki məqamda İrana hər zamankından daha çox lazımdır. Bu baxımdandır ki, mərkəzdən alınan təlimat müxtəlif fiqurlar vasitəsilə ötürülür ki, hərarət aşağı düşsün. Məhz İranla bağlı məsələdə beynəlxalq koalisiya birmənalı olaraq Azərbaycanın yanında olacaq. İranın parçalanması üçün illərdir silahın tətiyində gözləyənlər heç bu fürsəti qaçırarlarmı? Ritorik sualın cavabını molla rejimi gözəl bilir. Rejimin dağılması labüd və qaçılmazdır. Belə olan halda soydaşlarımızın milli kimliklərinin, ana dillərinin qorunması istiqamətində konkret addımlar atılmalı və cənublu soydaşlarımız dəstəklənməlidir deyə düşünürəm. İran konstruktiv addımlarını davam edərsə eyni tendensiyanı qorumaqla gündəlikdə duran məsələləri həll etməliyik. Yox, yenidən əksi olarsa İrandan daha sərt addımlar atılmalıdır deyə düşünürəm”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top