“Tez bir zamanda irimiqyaslı antiterror əməliyyatlarının keçirilməsi gözləniləndir” — AÇIQLAMA

HƏRBİ 23 noy 2022, 18:58
“Ermənistan Respublikası bir maşa dövlətidir və daima bir sıra qüvvələr tərəfindən istifadə edilmişdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi, hərbi ekspert Alp Arslan İmamqulu deyib.  Hərbi analitik qeyd edib ki, onun havadarlarının maraqları hər zaman gözlənməkdədir: 

“Vaxtaşırı olaraq sərhədlərimizdə atəşkəs hallarının pozulması da bununla əlaqədardır. Xüsusən, Rusiyanın Cənubi Qafqazdan çıxmaq istəməməsi, həmçinin Azərbaycan ərazilərində müvəqqəti “sülhməramlı” qüvvə olaraq varlığını sürdürə bilmək məqsədi ilə mümkün olduqca təxribatlar dəstəklənir. Son günlər məsələnin başqa yönümü olaraq, Fransa və ABŞ-ın Ermənistan ərazisində aktiv fəaliyyəti müşahidə olunmaqdadır. Bütün baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan  tez bir zamanda təhlükəsizliyini təmin etmək məqsədilə daha qətiyyətli addımlar atmalıdır. Artıq bunun mesajları Ali Baş Komandamız tərəfindən dəfələrlə verilib. Bu baxımdan tez bir zamanda Laçın yolunun tam nəzarətə götürülməsi və iri miqyaslı antiterror əməliyyatlarının keçirilməsi gözləniləndir”. 


“Sərhədlərimizin 1918-1920-ci illər xəritəsinə görə delimitasiya edilməsi isə növbəti mühüm addımdır. Bununla Orta dəhlizin məsələsi də təmin olunmuş olacaqdır. Eyni zamanda, bundan sonra sərhəd ötəsi terror yuvalarının dağıdılması və terrorizmə cəhdlərin qarşısının alınması mümkün olacaqdır. Əgər Ermənistan ərazilərində terrorizmə əngəl ola bilmirsə, ərazi bütövlüyümüz və təhlükəsizliyimizin təmin olunması adına bunu biz etməliyik. Necə ki, Türkiyə İraq və Suriyada "Pəncə Qılınc" əməliyyatlarını həyata keçirir. Bu bizim legitim haqqımız olmaqla yanaşı, həm də regionda sülhün təminatı olacaqdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top