Dövlət Komitəsi: “Yuxarı Gövhər Ağa məscidinin bərpası yekunlaşmaq üzrədir”

SOSİAL 22 noy 2022, 14:06
“Şuşanın Yuxarı Gövhər Ağa məscidinin bərpası yekunlaşmaq üzrədir”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, ermənilər işğal dövründə Azərbaycanın 67 məscidindən 65-ni dağıdıblar:

“İslam dini ilə bağlı atributlar, işarələr tamamilə pozulmuşdu. Biz yalnız məscidləri bərpa etmirik, həm də həmin ibadət yerlərini əvvəlki görkəminə qaytarıb bəzi yeni əlavələr edirik”.

Dövlət Komitəsi sədrinin birinci müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri çoxdan başlayıb:

“Yuxarı Gövhər Ağa məscidinin bərpası bitmək üzrədir, Aşağı Gövhər Ağa, Saatlı məscidində və digər məscidlərdə bərpa işləri davam etdirilir. Şuşada çox geniş bərpa işləri həyata keçirilir. Şuşanın əvvəlki görünüşünü geri qaytarmaqla yanaşı, həm də yeni siması formalaşdırılır. Ümumiyyətlə, Şuşanın bərpası, məscidlərimizin, dini abidələrimizin bərpası əsas məsələlərdən biridir”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top