Razi Nurullayevdən sual: “Vətəndaş nə ilə dolansın?”

SOSİAL 18 noy 2022, 12:16
Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanun layihəsi barədə çıxış edən deputat Razi Nurullayev əhalinin aztəminatlı təbəqəsinin problemlərinə diqqət çəkdi: “Yaşayış minumumu, ehtiyac meyarı artırılsın” demək, bilirəm ki, uyğun olmayacaq. 15 manat, 20 manat, hətta 50-100 manat artım belə bu günün bahalığında heç nədir. Son beş ildə məhsul, material və xidmətlərdən asılı olaraq qiymətlər ən azı 3-5 dəfə artıb. Baxaq görək pensiyalar, müavinətlər və digər sosial paketlər nə qədər artıb? Bu artım günü-gündən daha da geniş vüsət alan bahaçılıq fonunda cüzidir. Bir gün supermarketə daxil olursan, bazarlıq edirsən, deyək ki, 50 manat ödəyirsən. Bir həftə sonra gedirsən, eyni məhsulları alırsan, 55-60 manat ödəyirsən. Ay ərzində isə artım 15, bəzən 20 faiz təşkil edir. Elə məhsullar var ki, fantastik qiymətə qalxır və sonra bir az aşağı salınır. Bir kq mal ətinin qiyməti 14-16 manat, qoyun əti isə 18 manatdan başlayır. Əgər daha keyfiyyətli ət almaq istəsən, üzərinə 4-5 manat də gəl”.

Deputat bildirdi ki, bizdən asılı olmayan və bütün dünyadan qaynaqlanan bahaçılıq fonunda vətəndaşların sosial durumu çox ağırlaşıb: “Təbii ki, hökumət də bu dediklərimi bilir, narahatdır və yüngülləşdirici addımlar atır. Bunu bilir və qiymətləndirirəm. Amma, gərək daha çox gözləgörünə bilən, real və dərhal rahatlıq yaradan addımlar da ataq. Bir neçə vacib addım atılmasını təklif edirəm. Birincisi, Avropa ölkələrində kritik ərzaq məhsulları bizdən xeyli ucuzdur. Hərçənd ki, orada əmək qüvvəsi də, maaşlar da, xidmətlər də bizdən qat-qat daha çoxdur. Bəs ərzaq məhsullarının ucuz olması, kasıblar üçün təşkil olunan market və bazarlarda isə məhsulların az qala bizdən 3-4 dəfə ucuz olmasının səbəblərini bilirikmi? Bəlkə bu logistika, daşınma, gömrük, vergi və digər məsələlərlə bağlıdır. Biz niyə bu təcrübəni öyrənib tətbiq etməyək? Vacib olan daş-divar, qum-sement deyil, vacib olan kapital insandır, vətəndaşdır. Onu düşünək, birinci növbədə onun həyatını yüngülləşdirək. Bu barədə ciddi izahatın olmasını istəyirəm Ikincisi, qarşıdan soyuq qış gəlir və insanların elektrik enerjisinə, təbii qaza daha çox ehtiyacı yaranacaq”.

R.Nurullayev bildirdi ki, təyin etdiyimiz yaşayış minumumu və ehtiyac meyarı təbii qazla elektrik enerjisinin aylıq ödənişinə kifəyət edir. Burada iki yanaşma ola bilər, ya qış ərzində təbii qaz və elektrik enerjisinin limiti götürülsün və fərqini büdcə ödəsin, ya da vətəndaşlara daha ucuz alternativ təklif edilsin. Odun, daş kömür və digər yanacaq materialları. Yəni, vətəndaş 5-10 manatını qoruya bilsin ki, elə aldığını da təzədən geri ödəməsin. Bəs nə ilə dolansın? Üçüncüsü, bütün Azərbaycan üzrə yerli icra hakimiyyətlərindən kritik ehtiyaclı ailələrin siyahısı alınsın və onlara ünvanlı dövlət sosial yardım təyin edilsin. Hər rayonda 2 mindən 4 minə kimi belə ailələr var. Heç olmazsa, belə ailələrin vəziyyətini düşünək. Dünən bu barədə geniş danışdım və ümid edirəm ki, kağızda yazılan məsələni əsas gətirib, dodaqları susundan qurumuş şəxsə “qanunda yazılıb ki, filan-filan sənədləri hazırlayıb gətirməlisən ki, sənə su verək” deməyəcəyik. Yüz il bundan sonra da gücə-gündüz çalışsa, o nə iş yerindən arayış gətirə biləcək, nə də digər sənədləri. Məgər gözümüz önündə gördüyümüz mənzərə kifayət deyil?” /musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top