Ramil İskəndərli Fransa Senatının qərarına münasibətini bildirdi

SİYASƏT 16 noy 2022, 10:17
Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Məsələyə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli münasibət bildirərək, aşağıdakıları qeyd etmişdir:

– “Fransa Senatı hökuməti bu sənəd ilə “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edib. Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Sənəddə həmçinin Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Fransa Senatının Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq yaradılmış və dünya ictimaiyyəti tərəfindən birmənalı rədd edilən amorf “qurumun” tanınması ilə bağlı bu qərar böyük təəssüf hissi doğurur”.

QHT sədri həmçinin onu da bildirmişdir ki, “Azərbaycan və Ermənistan arasında münasibətlərin mümkün normallaşması potensialı olduğu bir vaxtda Fransa Senatının bu prosesə dəstək vermək əvəzinə, qanunsuz separatçı qüvvələri açıq şəkildə dəstəkləməsi heç cürə başa düşülən və qəbul edilən deyil.  

Fransa Senatının bu qərarı Azərbaycan Respublikası və Fransa Respublikası arasında 20 dekabr 1993-cü ildə Paris şəhərində imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilənin” ruhuna uyğun deyil və bu müqavilənin bütün müddəalarını ciddi şəkildə pozur. Bundan başqa Fransanın bizim regionda hər hansı vasitəçilik cəhdləri, yumşaq desək qeyri-səmimidir. Belə ki, beynəlxalq münasibətlər sistemində vasitəçilik institutu yalnız qərəzsizlik prinsipi əsasında həyata keçirilə bilər. Lakin Fransanın apardığı siyasətdə biz bu qərəzsizlik prinsipinə tamamilə zidd olaraq birtərəfli qaydada Ermənistanı dəstəkləyən hərəkətlərinin şahidi oluruq. Buna görə də, Fransanin Azərbaycan-Ermənistan danışıqlarında hər hansı bir formada iştirakı cəhdlərinin qarşısı alınmalı, Azərbaycan hökuməti, Azərbaycan Milli Məclisi, eləcə də qeyri-hökümət təşkilatları məsələ ilə bağlı ictimai diskussiyalar və dinləmələr vasitəsilə buna qarşı öz etirazlarını bildirməlidir.

Fransanın tarixi bizə sübut edir ki, o, heç də həmişə demokratik dəyərlərə, insan hüquqlarına riayət etməyib. 1830-1962-ci illəri əhatə edən Əlcəzairin işğalı dövründə 1,5 milyondan artıq əlcəzairliləri qətlə yetirən fransızların hansısa ölkəyə “demokratiya dərsi keçmək” təşəbbüsü gülüncdür. Əlcəzair bəzən “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Özünü Avropada “demokratiyanın beşiyi” sayan Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağ bölgəsində apardığı işğalçılıq siyasəti arasında oxşarlıqlar çox mətləblərdən xəbər verir.”

ShushaNews

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top