Molla rejiminin Azərbaycan dərdi: Əliyevdən İrana sərt mesaj — ŞƏRH

SİYASƏT 12 noy 2022, 16:39
Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra Cənubi Qafqazda yaranan tektonik yerdəyişmənin koordinatları İranı əməlli başlı narahatlıqlar kompleksinin içərisinə saldı.

Azərbaycana qarşı hədyan və absurd ittihamlar seriyasına yeni nəfəs verən Tehran iç üzünü aşkara çıxarır və ona müxtəlif don geyindirməyə davam edir.

Bu, onsuz da siyasi münasibətləri nahamar relyefdə olan Azərbaycanla İran arasında gərginlik dozasını artırır, molla rejimi isə Bakı əleyhinə özünün radikal irsini müxtəlif sferalara daşıyır.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

İranın təlimlərində “daxil” və “xaric”

Gərgin münasibətlərin pik həddi hələ də davam etməkdədir, Azərbaycanın 2022-ci ilin sentyabrında Ermənistanla sərhəddə əldə etdiyi ərazi üstünlüklərini həzm etmək istəməyən İranın tövrünü sərtləşən addımları göstərir.

Söhbət İranın Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirməsindən gedir. Hərçənd ki, həmin hərbi təlimlərin mahiyyəti, İranın ölkə hüdudlarında üzləşdiyi ictimai-siyasi təlatümlər girdabı səbəbindən daxili auditoriyaya pafoslu müraciət, xaricə isə məkrli niyyətlərin əyanı kimi şərh edilməlidir.

Azərbaycan soyuqqanlıdır

Təlimin proqramı Azərbaycanın ərazi bütövlüyü və suverenlik hüququna meydan oxumaq tərzində tərtib edilmişdi, lakin Bakı yüksək siyasi soyuqqanlılıqla təmkini qorudu və cavabını dəlillərlə verdi.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar İranın Azərbaycan əleyhinə yaratdığı hərbi-siyasi şəbəkənin işini iflic etdi və bu ifşa prosesi Tehran üçün ağır fiaskodur.

Meydana çıxan təzahürlər iki ölkə arasındakı dərin qarşılıqlı anlaşılmazlıqları körükləyir və Azərbaycan da həmin zəminlərin yaratdığı reallıqlara uyğun olaraq adekvat addımlar qabiliyyətini inkişaf etdirir.

İranın təlimlərinə ən gözəl reaksiyalardan biri də Azərbaycan xüsusi təyinatlı qüvvələrinin ölkənin cənub sərhədlərində keçirdiyi hərbi məşqlərdir.

Burada bir vacib nöqtəyə toxunmaq lazımdır ki, Azərbaycan İranın təlim adı ilə həyata keçirdiyi təxribat əməlinə özünün elit qüvvələri ilə reaksiya göstərir.

İranın eqoist xüsusiyyətləri və regional mühiti inhisarına almaq cəhdləri öz başında çatlayan ideyaları da stimullaşdırır, artıq Azərbaycan dövlət səviyyəsində Cənubdakı soydaşlarımızın hüquq və azadlıqları mövzusunu siyasi vitrinə qoyur.

Aydındır ki, İranın təlimlərinin perspektiv üçün hərbi əməliyyatlar baxımından real səciyyə daşıması müşküldür. Lakin Azərbaycanın cavablar silsiləsi Tehranın beynəlxalq aləmdə təklənməsi fonunda gələcək üçün gerçəkliklər mənzərəsini meydana çıxara bilər.

İran itkilərini bərpa etmək istəyir

İran diplomatiyasının radikal hərbi-siyasi qüvvələrin əlində oyuncaq olması isə ölkənin başı üzərindəki qara bulud topasını qatılaşdırır və Tehran beynəlxalq müstəvidəki rıçaqlarını itirir.

Digər tərəfdən, İran kəşfiyyat müharibəsində rəqibi İsrailə uduzmaqda davam edir və bu itkilərini kompensasiya etməkdə aciz durumdadır. Ona görə İran başqa ölkələrdən acıq çıxmaq kampaniyasına başlayır və axıtdığı zəhərin bir qismini Azərbaycana doğru yönləndirir.

Bunun bariz nümunələrindən biri də İranın Şirazdakı “Şahçıraq” məscidindəki terror aktına görə Azərbaycanı hədəfə almasıdır.

Molla rejimi regional qüvvələr nisbətində itirdiyi hərbi-siyasi çəkini bərpa etmək istədiyindən bu cür təxribata əl atır, hərçənd ki, həmin tezisin qatı tərəfdar toplaması ehtimalları da sıfırdır. Ona görə ki, ortada yalnız fərziyyələr toplusu var və onun dəlil olması mümkün deyil. Tehranın mövqeyini sadəcə, Azərbaycan DTX-nin keçirdiyi məlum əməliyyata əks nəzəri reaksiya kimi başa düşmək olar.

İlham Əliyevdən tutarlı mesaj

İranın sərgilədiyi tövr Azərbaycanla münasibətlər sferasında məhsuldar danışıqlara start vermək təşəbbüslərini də korlayır və rəsmi Bakı da ən ali səviyyədə Tehrana cavablar vermək məcburiyyətində qalır.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə İrana layiqli cavab verdi.

Prezidentin sitatı: “Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”.

İlham Əliyevin dedikləri Azərbaycan əleyhinə mənfi amillərin hamısını vahid hala gətirən İranı düşündürməlidir. Ən azından Tehran bilməlidir ki, regional konfiqurasiya Bakı ilə razılaşma əsasında müəyyən ediləcək.

İkinci, İran özünün yaşadığı iztirablardan dolayı Ermənistanın yerinə vuruşan deyil, ona görə də yaxşı olar ki, heç olmasa regional yanaşmada bərabərhüquqlu prinsiplərə əsaslansın.

Ümumilikdə götürsək Azərbaycanla İranın münasibətlərindəki gərginlik tezliklə səngiyənə oxşamır. Amma güman etmək olar ki, Bakı-Tehran trafikində siyasi mübahisələr davam etsə də, bu, iki ölkənin müştərək iqtisadi prioritetlərinə əhəmiyyətli dərəcədə xələl gətirən müstəviyə qalxmayacaq. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top