“Fars rejiminin məzhəbçilik əsasında uydurduğu yeni “din” qardaşı qardaşa qırdırır”

SİYASƏT 11 noyabr 2022, 23:20
“Əfsuslar olsun ki, Azərbaycanda molla rejimini dəstəkləyən kifayət qədər insan var. Müstəqilliyimizin bərpasından sonra dövlət institutlarının formalaşmadığı, savadlı ilahiyyatçı kadrların olmadığı bir dövrdə Azərbaycana əcnəbi ölkələrdən xeyli sayda missioner göndərildi. Onların arasında isə cənub qonşumuz İrandan gələn din alverçiləri, xüsusilə fərqlənirdilər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat vurğulayıb ki, İranın Bakıdakı səfirliyi fəaliyyət göstərir və paradoksal olsa da, səfirliklə paralel olaraq ali dini rəhbər, Xameneyinin rəsmi nümayəndəsi Ocaq Necat adında bir tip, cənub qonşumuzun teokratik dövlət ideologiyasını təbliğ etməklə məşğul olmuşdur:

“30 il ərzində gənclərimizin İranın Qum, Nəcəf şəhərlərində dini məktəblərdə təhsil almaları və qayıtdıqdan sonra məscidlərə rəhbər təyin olunmaları, İrana bağlı, böyük bir şəbəkənin yaranması ilə nəticələnmişdir. İslam dini xeyirxahlıq, mədəniyyət, əxlaq, mərhəmət deməkdir. Hər hansı zorakılığı qəbul etmir. Müxtəlif illərdə İranyönümlü mollaların keçirdikləri aksiyalarda zorakılıq halları baş vermiş, hətta terror hadisələri törədilmişdir. Dünyaşöhrətli akademik Ziya Bünyadovun, Rafiq Tağının və digərlərinin qətlə yetirilməsini xatırlamaq kifayətdir. Gəncə, Nardaran hadisələrində polis işçilərinin öldürülməsində bilavasitə həmin qüvvələrin iştirakı təsdiq olunmuşdur. Rejim əlaltıları Azərbaycanın konstitusion quruluşunu dəyişdirəcəklərini, kərimə dövlətini quracaqlarını açıq şəkildə bəyan edirlər. Bundan ötrü, bəzi savadsız gənclərimiz İran və Suriya ərazisində yerləşən terror düşərgələrində təlim keçmişlər. Bir çoxları İranın maliyyələşdirdiyi terror qruplarının tərkibində Suriya və İraq müharibələrində iştirak etmişlər. Ən dəhşətlisi odur ki, həmin insanlar öz qan qardaşlarına, konkret olaraq, türkmənlərə qarşı vuruşmuşlar” - deyə deputat əlavə edib. 

Millət vəkili daha sonra bunları qeyd edib:

“Fars rejiminin məzhəbçilik əsasında uydurduğu yeni “din” qardaşı qardaşa qırdırır. 44 günlük müharibə də mollaların iç üzünü açdı. Xalq kimin kim, qardaş dediyinin, qatı düşmənin yanında olduğunu gördü. Ancaq, Ocaq Necat kimi, “Şeyx nəsrullahların” 30 illik fəaliyyətləri öz sözünü demişdir. İranın bütün imkanları ilə Ermənistana verdiyi hərbi-siyasi-iqtisadi dəstəyə baxmayaraq, hələ də ona inanan soydaşlarımızın sayı həddindən artıqdır. Onlar proseslərə ancaq dini aspektdən yanaşırlar. Halbuki, İranın təbliğ etdiyi xüsusi sektadır, İslam dini ilə heç bir əlaqəsi yoxdur. İstənilən xarici təsirlərə məruz qalmış, təşkilatlanmış qruplar cinayət tərkibi yaradır və müəyyən dərəcədə dövlətçilik üçün təhlükəlidir. Ona görə də, onların zərərsizləşdirilməsi vacibdir. Hər şeydən əvvəl, gənclərin, ümumiyyətlə, əhalinin dini maariflənməsi istiqamətində işlər aparılmalıdır”. 

“İranda dini təhsil almış  “mollaların” xidmətindən imtina olunmalı, məscid və mədrəsələrə təyinat zamanı dövlətçilik mövqeyində olan kadrlara üstünlük verilməlidir. Hər bir rayonun spesifik xüsusiyyətləri nəzərə alınmaqla, ziyalılardan ibarət komissiyyalar formalaşdırılmalı, cəhalətə, xürafata yönəlik, İslam dininə, dünyəvi dövlət quruculuğuna zidd əməllər aradan götürülməlidir. İslam müasirləşməlidir. İnsanlarımız aylarla məscidlərdə “İsfahan lotuları”nın uydurduqları nağıllara qulaq asmaqla qiymətli vaxtlarını boşuna keçirməməli, faydalı işlərlə məşğul olmalıdırlar. Azərbaycan xalqı müasir xalqdır. Dünyəvi dəyərlərə üstünlük verir. İmkan verə bilmərik ki, 21-ci əsrdə, 14-cü əsr təfəkkürü ilə, özümüzü sivil, mədəni dünyadan təcrid edək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top