Səfirlik Azərbaycan vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə çağırdı

GÜNDƏM 03 noy 2022, 00:24
Azərbaycanın Kiyevdəki səfirliyi həmvətənlərimizə müraciət edib.

Bu barədə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi məlumat yayıb.

“Təxliyə dalğası zamanı Ukraynada qalmağa, yaxud təxliyə olunduqdan sonra geri qayıtmağa üstünlük vermiş vətəndaşlarımızdan olduqları yer üzrə hava həyəcanı xəbərdarlığı zamanı diqqətli olmağı, sığınacaqda və ya nisbətən təhlükəsiz yerdə daldalanmağı, dövlət orqanlarının tələblərinə və tövsiyələrinə riayət etməyi, səyahət sənədlərini qaydaya salmağı, Ukraynaya gəlməyi planlaşdıran vətəndaşlarımızdan isə fövqəladə ciddi səbəb olmadığı halda səfəri daha münasib zamana təxirə salmağı təkrar xahiş edirik”,- deyə məlumatda bildirilib.

O da bildirilib ki, Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 saylı 18 oktyabr 2022-ci il tarixli Qərarı ilə əlaqədar səfirliyin konsulluq şöbəsinin iş qrafikində keçici dəyişiklik edilib: "Konsulluq qəbulu 6, 7, 8 noyabr 2022-ci il tarixlərində bağlı olacaq, 5 və 9 noyabr 2022-ci il tarixlərində qəbul aparılacaq. Qəbul saatları dəyişməz olaraq qalır. Təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda 0994089943 və 0735050000 telefon nömrələri ilə əlaqə saxlanmasını xahiş edirik.

Hava həyəcanı xəbərdarlığı zamanı müraciətçilərin təhlükəsizliyi üçün konsulluq qəbulunun dayandırılacağı barədə 11 oktyabr 2022-ci il tarixində verilmiş elanın bir sıra vətəndaşlarımız, o cümlədən bəzi KİV tərəfindən konsulluq xidmətinin və hətta səfirliyin ümumiyyətlə fəaliyyətini dayandırdığı kimi yanlış anlaşıldığını, bununla bağlı sualların hələ də daxil olduğunu nəzərə alaraq növbəti izahı diqqətə çatdırmaq istərdik.

Hava həyəcanı xəbərdarlığı yaşayış məntəqəsinin hava zərbələrinə məruz qala biləcəyi riski barədə verilən xəbərdarlıqdır və bu zaman sakinlərin öz təhlükəsizlikləri üçün sığınacaqlara getmələri tövsiyə olunur. Məlum olduğu kimi həyəcan müddətində müəssisələr və ictimai iaşə obyektləri ziyarətçilərin qəbulunu dayandırır və hava həyəcanı xəbərdarlığı bitdikdən sonra işini bərpa edir.
10 oktyabr 2022-ci il tarixindən paytaxt Kiyevin hava zərbələrinə daha intensiv məruz qaldığını nəzərə alaraq konsulluq qəbulunun Kiyevdə hava həyəcanı xəbərdarlığı verilən müddətə dayandırılması barədə məcbur qərar qəbul edilmişdir.

Hava həyəcanı olmayan müddətdə konsulluq qəbulu elan edilmiş qrafik üzrə işini davam etdirir (iş günləri saat 10:00-dan 13:00-dək müraciətlərin qəbulu, 15:00-dan 17:00-dək hazır sənədlərin verilməsi)".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top