Füzuli rayonunda şəhid ailələri və qazilərə böyük diqqətlə, qayğıyla yanaşılır — FOTOLAR

SOSİAL 07 okt 2022, 09:53
Bu gün Füzuli rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə işin təşkilinə həsr edilmiş növbəti müşavirə keçirildi. 

Demokrat.az
xəbər verir ki, müşavirədə rayonda fəaliyyət göstərən idarə, müəssisə və  təşkilat rəhbərləri iştirak etdilər. 

Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyevin rəhbərliyi ilə  keçirilən müşavirə başlamazdan əvvəl torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyünün  qorunması uğrunda canlarından keçmiş bütün şəhidlərimizin  əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra müşavirəni giriş sözü ilə açan rayon rəhbəri çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun şücaətindən, qazanılan böyük Zəfərin mənbəyində şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının, vətənpərvərliyinin dayanmasından söz açdı. Alı Alıyev şəhid ailələrinin,  qazilərin, eləcə də həssas təbəqədən olan digər insanların  hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi diqqət və nəzarətlərində olduğunu diqqətə çatdırdı. 

Daha sonra Füzuli MRX Publik Hüquqi Şəxsin direktoru Elçin Qurbanov, Dövlət Məşğulluq Agentliyinin Füzuli rayon nümayəndəsi Beyrək Mürsəlzadə, Dövlət Sosial Müdafiə Fondu Füzuli rayon Qəbul şöbəsinin müdiri Vüqar Pənahov, Füzuli rayon Telekommunikasiya qovşağının rəisi Yavər Məmişov çıxış etdilər. Çıxışçılar rəhbərlik etdikləri sahədə şəhid ailələri və qazilərə göstərilən xidmətlər barədə müşavirə iştirakçılarını məlumatlandırdılar. 

Müşavirədə rayonda fəaliyyət göstərən digər xidmət sahələrində də həssas təbəqədən olan vətəndaşlarla münasibətdə xüsusi nəzakətlə davranıldığı, onların istəklərinə operativ və növbədənkənar münasibət bildirildiyi diqqətə çatdırıldı.

Müşavirəni yekun sözü ilə sonlandıran rayon rəhbəri bir daha hər kəsi şəhid ailələri və qazilərlə davranışda xüsusi həssaslıq göstərməyə çağırdı. Alı Alıyev həm məmur, həm də vətəndaş olaraq bu qəbildən olan insanlara diqqət və qayğı ilə yanaşmağın hər kəsin mənəvi borcu olduğunu bir daha vurğuladı.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top