9 il həbs cəzası alıb, bir neçə aydan sonra azadlığa çıxan narkobaron jurnalisti HƏDƏLƏDİ

KRİMİNAL 30 sen 2022, 13:35
Azərbaycanda 9 il həbs cəzası alıb, bir neçə aydan sonra müəmmalı şəkildə azadlığa buraxılan narkobaron Elşən Məmmədov barəsində yazdığımız yazılara görə, Demokrat.az xəbər portalının direktoru Vasif Həsənlini məhkəmə ilə hədələyir. 

Bir neçə gün öncə Elşən Məmmədov Demokrat.az xəbər portalının direktoru Vasif Həsənliyə zəng edərək, Salyan rayon sakinlərinin müraciəti əsasında yazılan materialların saytdan silinməsini tələb edib. Tələbini yerinə yetirmədiyimizə görə, Elşən Məmmədov Demokrat.az xəbər portalının direktoru Vasif Həsənlinin telefon nömrəsinə mesaj yazaraq, onu məhkəmə ilə hədələyib. 

Görünür ki, Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlu köhnə əməllərini davam etdirmək üçün indi də məhkəmədən jurnalistlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Həm də bununla o, "məhkəmədə adamlarım var" görüntüsü yaratmağa çalışır. Çünki Elşən Məmmədov evindən 10 kiloqrama yaxın narkotik maddələr aşkar olunaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il həbs verilsə də, bir neçə aydan sonra Şirvan Appelsiya Məhkəməsinin qərarı ilə azadlığa çıxmışdı. 

Elşən Məmmədovun gəncləri narkotik vasitələrlə zəhərləməsi əməlləri və həbs olundudan az sonra azadlığa buraxılması Salyan rayonu, Qaraçala qəsəbə sakinlərində inamsızlıq, narazılıq və ikrah hissi yaradıb. Bunun üçün də media olaraq məsələni daim diqqətdə saxlayacağıq. 

İnanırıq ki, dövlətimizin keşiyində dayanan müvafiq qurumlar, o cümlədən hüquq-mühafizə orqanları Salyan sakinlərinin böyük bəlasına çevrilmiş bu cür cinayətkarları layiqli cəzalandıracaq.    
 



Zaur Hacılı
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top