Bakının tıxac problemi — Avtomobillər sistemsiz və qaydasız saxlanılır

GÜNDƏM 29 sen 2022, 22:09
Artıq  illərdir ki, tıxaclar Bakıda əsas problemlərdən birinə çevrilib. Özü də tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatında yaranır. Yeni tədris ili başlayandan paytaxtın nəqliyyat sistemi demək olar ki, iflic vəziyyətə düşüb. İnsanlar saatlarla yollarda qalır. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlama verib. Deputat qeyd edib ki, tıxac məsələsi çox ciddi bir problemə çevrilib:

“Düşünəndə ki, 1-2 ildən sonra nə baş verəcək, bu, həqiqətən çox ciddi narahatlıq doğurur. Mən dünən və srağa gün bir neçə universitetin qarşısından keçdim. Bakı Dövlət Universitetinin sağında və solunda  avtomobillərin intizamsız saxlanıldığını gördüm. Hesab edirəm ki, tələbələrin avtomobillə gəlməsi, avtomobilləri yolun qırağında saxlaması, nizamsız-intizamsız harada gəldi parklanması nəqliyyatımıza ciddi problem yaradır. İnsanlar 1 kilometr məsafə getmək üçün 30- 40 dəqiqə yolda qalır. Ümumiyyətlə, tıxac məsələsi həqiqətən də ciddi bir problemə çevrilib. Hesab edirəm ki, burada bir neçə istiqamətdə iş getməlidir. Birinci mümkün qədər universitetlərdə tələbələrlə bu istiqamətdə maarifləndirmə, təbliğat işləri aparılmalıdır. Əlbəttə ki, hər kəsin azadlığı var. Amma, bu, o demək deyil ki,  tələbə universitetin qarşısında düz yolun ortasında saxlayıb, getməlidir. Sistemsiz və qaydasız saxlayıb burada problem yaratmalıdır. Bu elə deyil! Universitetlər öz tələbələrinə mümkün qədər nəzarət etməlidir ki, belə problem olmasın. Elə universitet var ki, onun 25 min tələbəsi var. Hesab edirəm ki, yol polisi bu prosesə ciddi nəzarət etməlidir”.


“Son vaxtlar sanki bu məsələdə müəyyən güzəştlərin edildiyi hiss olunur. Hesab edirəm ki, düzgün parklanma, düzgün avtomobili saxlamayan sürücülərlə bağlı sərt cərimələr tətbiq olunmalıdır ki, belə problemlər olmasın, kim harada gəldi avtomobili saxlamasın. Bakı Nəqliyyat Agentliyi bu prosesə ciddi nəzarət etməlidir. Yəni, şəhərdə nəqliyyatın düzgün tənzimlənməsi üçün addımları atılmalıdır, o zaman bu prosesin qarşısını qismən də olsa ala bilərik. Digər önəmli və mühüm məsələ valideynlərlə bərabər, onların övladları, ümumiyyətlə, vətəndaşlarımız, insanlarımız daha məsuliyyətli və diqqətli olmalıdırlar. Yol-hərəkət qaydalarına əməl etməlidirlər, harada gəldi avtomobili saxlamamalıdırlar. Əgər biz indidən ciddi tədbirlər görməsək, konkret addımlar atılmasa, bir neçə ildən sonra çox ciddi problemlərlə və çətinliklərlə üz-üzə gələ bilərik. Bu, çox ciddi və önəmli məsələdir. Ümumiyyətlə, vacib qərarlar və ciddi addımlar atılmalıdır ki, şəhərdə nəqliyyatın hərəkəti iflic olmasın”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top